Azərbaycanın Mərakeşdəki səfiri İCESCO-ya akkreditə olunub

Azərbaycanın Mərakeşdəki səfiri İCESCO-ya akkreditə olunub
# 17 mart 2023 15:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov 16 mart 2023-cü il tarixdə İCESCO-nun Baş direktoru Dr. Salim M. AlMalikə həmin təşkilata daimi nümayəndə kimi akkreditasiya məktubunu təqdim edib.

APA Səfirliyə istinadən xəbər verir ki, Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını İCESCO-nun Baş direktoruna çatdırıb və Baş direktora Azərbaycan və İCESCO arasında əməkdaşlığa göstərdiyi töhfəsinə görə təşəkkürünü bildirib.

O, diplomatik fəaliyyəti müddətində Azərbaycanın Təşkilat ilə mövcud olan yüksək səviyyəli əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Səfir İslam aləmində, sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara dəstək, mədəniyyət, mədəni irs, təhsil və digər sahələrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın İCESCO-nun xoşməramlı səfiri kimi rolunu xüsusi qeyd edib. Səfir Nazim Səmədov, Azərbaycan tərəfinin 2022-ci il 20 may tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə İCESCO arasında imzalanmış və artıq qüvvəyə minmiş Sazişə uyğun olaraq, ən qısa zamanda Bakı şəhərində İCESCO-nun Regional Ofisinin açılması və fəaliyyətə başlamasında maraqlı olduğunu qeyd edib. Eyni zamanda, ötən il dekabr ayında Azərbaycan və v arasında imzalanmış Fəaliyyət Planının icrası müzakirə olunub. Səfir işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində mədəni sərvətlərə dəymiş ziyanı və mövcud vəziyyəti qiymətləndirmək üçün ölkəmizdə səfərdə olmuş İCESCO-nun texniki missiyası tərəfindən hazırlanmış hesabatın vacibliyini qeyd edib. Baş Direktor Azərbaycan və İCESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, bu əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsinə hər zaman hazır olduğunu bildirib və Səfirə fəaliyyətində yeni uğurlar arzu edib. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR