Azərbaycanın Müstəqillik Günü Moldovada qeyd edilib - FOTO

Azərbaycanın Müstəqillik Günü Moldovada qeyd edilib  - FOTO
# 27 may 2022 14:34 (UTC +04:00)

Ölkəmizin Moldovadakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycanın Müstəqillik Günü, eləcə də Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş 500 nəfərlik rəsmi ziyafət keçirilib.

Azərbaycanın Moldovadakı səfirliyindən APA-ya verilən xəbərə görə, ziyafətdə Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu, nazirlər, deputatlar, ölkənin ictimai-siyasi xadimləri, Moldovada akkreditə olunmuş ABŞ, Böyük Britaniya, Türkiyə, Avstriya, Polşa, Latviya, Slovakiya, Ukrayna, Gürcüstan Belorusiya, Qazaxıstan səfirləri və diplomatik korpusun digər üzvləri, Moldovada yaşayan icmaların rəhbər və nümayəndələri, yerli KİV rəhbərləri və əməkdaşları, yerli və xarici tələbələr, eləcə də həmvətənlərimiz iştirak edib.

İlk növbədə, ziyafətdə Azərbaycan Respublikasının və Moldova Respublikasının Dövlət himnləri səsləndirilib.

Daha sonra, giriş nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov qonaqları salamlayaraq Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verərək dövlət quruculuğunda görülmüş mühüm işlərdən bəhs edib. Səfir bildirib ki, Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, dövlətimizin tarixində dərin iz buraxdı və illər sonra Ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə gəlməsilə dövlətçilik ənənələrimiz daha da möhkəmləndirildi, ölkəmizdə sabitlik təmin edildi və bütün sahələrdə ciddi islahatlar aparıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin siyasətini bu gün onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyini qeyd edən səfir çıxışının davamında Şanlı Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra hazırda bölgədə sürətli bərpa və quruculuq işlərinin aparıldığını, bu işlərdə xalqımızı dost ölkələrin dəstəklədiyini, Moldovanın da belə ölkələr sırasında olduğunu bildirib. Səfir Q.Osmanov bu il Azərbaycan-Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edildiyini, Azərbaycan ilə Moldovanı uzun illər əməkdaşlıq, dostluq və qardaşlıq münasibətləri bağladığını dilə gətirib, əlaqələrimizin bundan sonra da inkişaf edərək möhkəmlənəcəyinə əminliyini bildirib.

Öz növbəsində, Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu çıxış edərək ilk öncə bütün azərbaycanlıları əlamətdar gün - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edib. Parlament sədri bir neçə gündən sonra ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini, bu yubileyin uzun illər boyu davam edən dostluq və qardaşlıq münasibətlərimiz üçün mühüm tarixi hadisə olduğunu vurğulayıb. O qeyd edib ki, hazırkı mərhələdə əlaqələrimiz yüksək səviyyədədir, bu istiqamətdə işlər davam etdirilərək qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün bundan sonra da birgə səylər gücləndiriləcək. İ.Qrosu iki ölkə arasında ticarət dövriyyənin artırılmasının əhəmiyyətini qeyd edərək, əsasən enerji sahəsində, eləcə də səramyə qoyuluşu ilə bağlı əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib. Moldovalı sədr pandemiya ilə mübarizə zamanı humanitar yardıma, eləcə də regionun çətin və gərgin zamanında göstərdiyi böyük dəstəyə görə dost Azərbaycana təşəkkür edib. İ.Qrosu ölkələrimizin ərazi bütövlüyü məsələsində həmişə bir-birini dəstəkləyini ziyafət iştirakçılarının diqqətinə çatdırıb. Moldovalı sədr bu il Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşərək Şuşaya səfəri zamanı şahidi olduğu bərpa və quruculuq işlərindən təsirləndiyini bildirib. Sonda sədr bütün azərbaycanlıları təbrik edərək sülh, firavanlıq və uğurlar arzulayıb.

Çıxışlardan sonra Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunan poçt markasının təntənəli təqdimatı olub.

Eyni zamanda, ziyafət çərçivəsində ölkəmizin Müstəqillik Günü, habelə iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi təşkil edilib. Tədbir klassik və milli musiqi proqramı ilə davam edib, sonda qonaqlara milli mətbəximizə məxsus təamlar və şirniyyatlar təqdim edilib. Ziyafət və sərgi Moldova KİV-də rumın və rus dillərində geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR