Azərbaycanlı və erməni gənclər Fransada görüşəcək - FOTO

Azərbaycanlı və erməni gənclər Fransada görüşəcək - FOTO
# 03 iyun 2022 10:45 (UTC +04:00)

OFAJ-ın (Fransa-Almaniya Gənclər Ofisi) “Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı çərçivəsində 10 azərbaycanlı gənc 6-10 iyun tarixlərində Strasburqda səfərdə olacaq.

APA xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Fransa səfiri Zakari Qross deyib ki, azərbaycanlı gənclər orada fransız, alman və erməni gənclərlə görüşəcək.

Səfirin sözlərinə görə, Fransa, Almaniya və Avropa İttifaqının dəstəklədiyi Azərbaycan və Ermənistan arasında sülh danışıqları kontekstində OFAJ ermənilərlə azərbaycanlılar arasında barışıq prosesində iştirak etmək məqsədi güdür: “Bu təşəbbüs Brüsseldə müzakirə olunub və ötən ilin dekabrında liderlərin görüşündə razılaşdırılıb. Bu, Almaniya və Fransanın birgə təşəbbüsüdür və “Şərq Tərəfdaşlığı” çərçivəsində reallaşdırılır”.

Diplomat bildirib ki, Almaniya-Fransa barışıq prosesinin Ermənistan və Azərbaycan arasında da reallaşması mümkündür, onlar buna inanır: “Strasburqda ilk belə görüş baş tutacaq. Biz çox şadıq ki, gənc nəsil bu regionda sülh və barışa dəstək verir. Artıq həm siyasi, həm diplomatik, həm elmi, həm də mədəni səviyyələrdə sülh yaratmağın zamanıdır. Bilirəm, bu çətin ola bilər, amma vacibdir”.

Zakari Qross qeyd edib ki, Zəngilan, Ağdam və digər azad edilmiş ərazilərdə infrastruktur tikilir, bərpa olunur: “Və heç kim istəmir ki, gələcəkdə bu ərazilər yenidən hücuma məruz qalsın, ölkələr arasında münaqişə yenidən baş versin. Bunun üçün isə sülh vacibdir. Avropa İttifaqı bu regionda sülhü, stabilliyi dəstəkləyir, prosesə töhfə verməyə çalışır”.

Almaniya səfiri Volfqanq Maniq isə deyib ki, Fransa və Almaniya Xarici İşlər nazirlikləri də bu təşəbbüsə dəstək verir: “Almaniya və Fransa arasında münaqişə yüz illər davam edib. Amma biz artıq öz regionumuzda sülhə nail olmuşuq.

Bu günlərdə İrəvandakı həmkarlarımız da sizinlə təmas quracaq erməni gənclərlə görüşür.

Hər iki ölkənin gəncləri bir araya gələrək ortaq gələcəyi müzakirə edəcəklər. Bizim regionun uğuru gənclər üçün ilham mənbəyi olacaq. Bu çətindir, amma biz prosesi başlatdıq. Əminik ki, siz, Fransa və Almaniya xalqından öyrənəcəksiniz.

Bizim ölkələrimizin nailiyyəti göstərir ki, sülh və barışıq mümkündür. Mən ümid edirəm ki, oxşar gələcək bu regionda da mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR