Bakı Qlobal Forumunda Ukrayna ilə bağlı panel müzakirəsi keçirilib - FOTO

Bakı Qlobal Forumunda Ukrayna ilə bağlı panel müzakirəsi keçirilib - FOTO
# 16 iyun 2022 14:39 (UTC +04:00)

Bu müharibənin nəticəsi qarşıdakı onilliklərin necə olacağını, övladlarımızın gələcəyini müəyyənləşdirəcək.

APA xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili IX Bakı Qlobal Forumu çərçivəsində “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma" mövzusunda keçirilən panel müzakirəsində deyib.

O vurğulayıb ki, Ukraynanın qalib gəlməsi vacibdir: “Bu qalibiyyətin nədən ibarət olacağı ilə bağlı qərar vermək xalqın öz üzərinə düşür. Ukrayna bu müharibədə parlaq gəncliyini itirir və biz Ukraynaya heç bir göstəriş verə bilmərik. Bu xalqın qərarı olacaq, bizim buna haqqımız yoxdur”.

Ukraynada törədilən müharibə cinayətləri barədə danışan Gürcüstan Baş nazirinin keçmiş müavini baş verənləri insanlığa qarşı cinayət və soyqırımı adlandırıb.

O əlavə edib ki, Rusiya hazırda etibarlı ölkə deyil.

“Biz əmin olmalıyıq ki, Rusiya bu müharibədən qalibiyyət qazanmadan çıxacaq", - Eka Tkeşelaşvili deyib.

Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa isə Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsini inkar etdiyini və bunu xüsusi əməliyyat adlandırdığını diqqətə çatdırıb: “Ölkədə bu müharibənin fərqində olanlar və etiraz edənlər həbs olunur”.

O vurğulayıb ki, hazırkı Rusiya imperialist maraqlarla çıxış edir.

Latviyanın sabiq Prezidenti Stalin dövründə Baltik xalqlarının kütləvi deportasiyasını xatırladıb: “İndi seçim etmək zamanıdır. Biz necə bir qlobal sistem istədiyimizlə bağlı qərar verməliyik və tarixin doğru tərəfində olmağı seçməliyik”.

Panelə Ukraynanın sabiq prezidentləri Viktor Yuşşenko, Petro Poroşenko onlayn formatda qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR