Bakıda Fəxrəddin Altunun kitabının təqdimatı keçirilib - FOTO

Bakıda Fəxrəddin Altunun kitabının təqdimatı keçirilib - FOTO
# 14 sentyabr 2022 12:18 (UTC +04:00)

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun BMTM-in dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimatı keçirilib.

APA xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və kitabı tərcümə edən BMTM-in şöbə müdiri Cavid Vəliyev və digər şəxslər iştirak ediblər.

Tədbir Ermənistanın təxribatı nəticəsində sentyabrın 13-də şəhid olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Toplantıda kitabın müəllifi Fəxrəddin Altunun videomüraciəti dinlənilib.

Fəxrəddin Altun bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın proqramının sıxlığı ilə bağlı tədbirə qatıla bilməyib: “Bundan öncəki 20 il ərzində Türkiyə yeni siyasət həyata keçirməyə başlayıb. Bu kitabı yazmağımda məqsəd də Türkiyəni anlamaq istəyənlərə görədir. "Soyuq savaş"dan sonra ortaya çıxan təkqütblü dünya düzəni yerini böyük güclərin rəqabətinə verdi. Bu dövr də bütün dövlətlərin öz potensialını artırmasını vacib edir. Son olaraq bütün dünyaya təsir edən koronavirus pandemiyası da dünya dövlətlərinin, beynəlxalq təşkilatların zəifliyinin bariz nümunəsini ortaya qoydu. Türkiyənin son illərdə atdığı addımları dəyərləndirərkən dünyada yaşanan son hadisələrə diqqət yetirməliyik. Bu gün Azərbaycanla həmrəylik içində olmağımızdan narahat olanlar var. Eləcə də Türkiyənin Suriyada əsgərinin olmasından narahat olanlar da eyni adamlardır. Onlar sadəcə Türkiyənin dərdinin qız uşaqları nə geyinsin olmasını istəyirlər”.

Fəxrəddin Altun müraciətində 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən, Azərbaycanla əlaqələrin güclənməsindən narahat olan ölkələrdən də bəhs edib. Diqqətə çatdırıb ki, bu gün diplomatiyanın qələbəsi Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə birbaşa əlaqəlidir.

Daha sonra F. Altun öz nitqində islamafobiyadan danışıb və Türkiyənin dünyada sülh və barışın əldə edilməsində rolundan bəhs edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 13-də Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçilərinin ailələrinə başsağlığı verib və Azərbaycana dəstək ifadə edib: “Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi, dünən baş verən hadisələrin ilk dəqiqəsində Azərbaycanın yanında olduğunu ən yüksək səviyyədə göstərdi. Azərbaycan haqlı olaraq sərhədlərinə təhdid olan, ərazi bütövlüyünə qarşı təxribat edənlərə haqlı cavab verib. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan bütün pozucu fəaliyyətlərə qarşı Türkiyə Azərbaycanın yanındadır və yanında olmağa da davam edəcək”.

BMTM sədri Fərid Şəfiyev kitabın tərcümə edilməsində məqsədi açıqlayıb, diqqətə çatdırıb ki, kitabda Fəxrəddin Altunun BMT TŞ-nın fəaliyyətinə xüsusi diqqət çəkib: “Bu gün axşam da BMT TŞ-də Ermənistan-Azərbaycan məsələsi müzakirə ediləcək. Sonuncu dəfə TŞ bu iclası 1995-ci ildə keçirib. Yəni bu illər ərzində TŞ bu məsələ ilə məşğul olmayıb. Bu illər ərzində Azərbaycan dəfələrlə Təhlükəsizlik Şurasına müraciət etsə də, bizə standart cavab belə olmuşdu ki, bu işlə ATƏT məşğul olur. Həm də maraqlı cəhət bu iclas Fransanın təşəbbüsü ilə çağırılır. Biz bunu da başa düşürük. Fransa narahatdır. O, bu narahatlığını da çox açıq şəkildə göstərir”.

Kitabı tərcümə edən Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev qeyd edib ki, kitabda Türkiyə xarici siyasətini tam anlamaq mümkündür: “Türkiyə və Azərbaycanın xarici siyasəti daim dəyişməkdədir. Biz xarici siyasətimizi daim koordinasiya etməliyik. Xüsusilə Şuşa Bəyannaməsindən sonra biz bunu etməliyik. Azərbaycan da Türkiyə kimi beynəlxalq ədalətsizlikdən əziyyət çəkən ölkədir. Buna misal olaraq BMT TŞ-nın icra edilməyən 4 qətnaməsini göstərə bilərik. Azərbaycan xarici siyasətində Qoşulmama Hərəkatına üzvlüyün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini beynəlxalq təşkilatlarda Azərbaycana qarşı olan qətnamələrin qəbul edilməsinin qarşısını alanda biz anlamış olduq. Fəxrəddin Altun BMT çərçivəsində alınan qərarların icrasına böyük dövlətlər tərəfindən əngəl törədildiyini də haqlı olaraq qeyd edir. Bu mənada yeni bir sistemin, yeni bir düzənin qurulmasına ehtiyac var. Hazırda mövcud olan sistem 1950-60-cı illəri özündə əks etdirsə də, müasir dövrü özündə əks etdirmir. Dünən baş verən təxribatda da Türkiyə-Azərbaycana qarşı olan ölkələrin mövqeyində də biz gördük. 44 günlük Vətən müharibəsində də Ermənistanın Azərbaycana olduğu kimi, Türkiyəyə qarşı açıqlamalarında da ətrafına daha çox dəstək yığmaq üçün mövqe nümayiş etdirməsini də müşahidə etdik. Çünki bir çox dövlət Türkiyə və Azərbaycanı bir-birindən ayrı dövlət kimi görmür. Elə dövlətlərdən biri də Ermənistandır”.

Daha sonra tədbir əlavə sual və müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR