Bakıda Yunanıstanın Milli Günü qeyd edilib

Bakıda Yunanıstanın Milli Günü qeyd edilib
# 28 mart 2023 22:30 (UTC +04:00)

Bakıda Yunanıstanın Milli Günü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Yunanıstan səfiri Xristos Kapodistrias, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılışında çıxış edən Xristos Kapodistrias ölkələrimiz arasında dostluq münasibətlərini yüksək qiymətləndirib:

"Bu gün müasir dövrdə Yunan dövlətinin qurulmasını ifadə edən bir gündür. Lakin bu gün, həm də ölkələrimiz arasında dostluğu ifadə edən bir gündür. 31 il əvvəl diplomatik əlaqələrin qurulması nəticəsində ölkələrimiz arasında sostluq münasibətləri rəsmi şəkildə təsdiqlənmiş oldu".

Səfir hər iki ölkənin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə sadiq olduğunu deyib.

O, Azərbaycanın Avropa İttifaqı tərəfindən haqlı olaraq enerji sektorunda strateji tərəfdaş kimi tanındığını, Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini etibarlı şəkildə təmin etdiyini xatırladıb.

Xristos Kapodistrias ikitərəfli əməkdaşlığın mədəniyyət, təhsil, turizm, ticarət, dəniz nəqliyyatı və digər sektorlarda önəmli olduğunu deyib: "Mədəniyyətdən söz düşmüşkən, dahi Nizami Gəncəvinin poetik həssaslığı və təxəyyülünün hələ XII əsrdə Makedoniyalı İsgəndərə həsr etdiyi "İsgəndərnamə" poemasının Azərbaycanla Yunanıstan arasında əbədi bağ yaratması faktını nəzərdən qaçırmaq olmaz.

Eyni zamanda, Azərbaycan hökumətinə universitetin təhsil proqramlarına yunan dilini daxil etdiyini üçün dərin təşəkkürümü bildirirəm”.

Səfir Yunanıstanda baş verən faciəvi dəmir yolu qəzasından sonra Azərbaycanın göstərdiyi həmrəyliyə görə təşəkkürünü bildirib.

Səfir ölkəsinin Azərbaycanın Aİ ilə münasibətlərinə dəstək verdiyini də deyib:

“Yunanıstan 1981-ci ildən Avropa İttifaqının fəal üzvüdür. Biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin rəhbərlik etdiyi Brüssel prosesini tərəddüdsüz dəstəkləyirik.

Biz, həmçinin, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin azərbaycanlı dostlarımızı avropalı ailəmizə daha da yaxınlaşdırmaq məqsədi ilə həyata keçirdiyi çoxsaylı konstruktiv təşəbbüslərdə fəal iştirak edirik.

Bu məqamda, 1997-ci ildə Yunanıstanın Avropa Şurasına sədrliyi dövründə Azərbaycanın Avropalı ailəmizə qoşulması üçün köməklik göstərdiyimizi xatırlatmaq istərdim. Onu da qeyd edim ki, proses, bu il hamımızın 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrə təsadüf edir”.

Xələf Xələfov Azərbaycan-Yunanıstan əlaqələrinin tarixi köklərinə toxunub: "Azərbaycan və Yunanıstan xalqları arasında tarixi əlaqələr mövcuddur. Azərbaycanın Kəlbəcər rayonunun Mehmana kəndində təxminən 200 il əvvəl yunanlar məskunlaşıb. Yunan icması ölkəmizdə multikultural mühitin incilərindən biridir".

Nazir müavini xatırladıb ki, Azərbaycanla Yunanıstan arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub və bir neçə gündən sonra bu əlaqələrin 31-ci ildönümü qeyd olunacaq: "Ötən dövr ərzində ölkələrimiz arasında iqtisadiyyat, energetika, nəqliyyat, elm və təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq inkişaf edib. Son dövrlər ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq intensivləşib.

2022-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Yunanıstan Respublikasının Baş naziri cənab Kiriakos Miçotakis ilə görüşüb".

Nazir müavini vurğulayıb ki, ölkələrimizin xarici işlər nazirləri vaxtaşırı görüşür və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində fikir mübadiləsi aparırlar. Həmçinin, ötən il ərzində iki ölkə arasında həyata keçirilən iqtisadi əməkdaşlıq mühüm əlaqələrdən biridir.

2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1.42 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 3 dəfə çoxdur: "Ticarət dövriyyəmiz əsasən xam neftin və təbii qazın Azərbaycandan Yunanıstana ixracından ibarətdir və enerji sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin əsasını təşkil edir.

Azərbaycan enerji sahəsində Avropanın etibarlı və strateji tərəfdaşıdır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan, Cənub Qaz Dəhlizi və onun bölməsi olan Trans-Adriatik qaz kəməri, eləcə də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətə malikdir.

Bu layihələrin həyata keçirilməsində Yunanıstanın mühüm rolu var. Enerji sahəsində əməkdaşlığımızın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

2022-ci ildə Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu 2027-ci ilə qədər Azərbaycandan Avropaya təbii qaz ixracının həcmini ildə 20 milyard kubmetrə çatdırmaq niyyətini özündə ehtiva edir.

Bu Memorandum yaxın gələcəkdə Azərbaycandan Avropaya yaşıl enerjinin ixracını da nəzərdə tutur. Biz inanırıq ki, ölkələrimiz arasında alternativ enerji sahəsində, eləcə də qeyri-enerji sahələrində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur.

Bu il ərzində keçirilməsi planlaşdırılan Hökumətlərarası Birgə Komissiya iqtisadi əlaqələrimizin genişlənməsi üçün əlavə imkanlar açacaq. Ölkələrimiz arasında çoxlu birgə humanitar layihələr həyata keçirilib.

Təhsil sahəsində əməkdaşlığımızın ən uğurlu nümunəsi kimi Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında “Neft, Qaz və Hidrogenin İdarə Edilməsi və Nəqliyyatı” ixtisası üzrə birgə magistr proqramını xüsusi qeyd etmək istərdim" - Xələfov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR