Bəhruz Məhərrəmov: “Brüssel prosesi İrəvan üçün faktiki son xilas imkanıdır”

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 07 oktyabr 2022 13:19 (UTC +04:00)

Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin növbəti görüşünün yeni bir institut kimi formalaşdırılan "Avropa siyasi birliyi" Zirvə Toplantısında reallaşması ciddi perspektivlər vəd edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, yeni siyasi dialoq platforması kimi yaradılmış və özünü təsdiqə ehtiyacı olan Avropa siyasi birliyinin ilk toplantısında Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsi üzrə ciddi irəliləyiş, yaxud razılıq əldə olunsa, bu, Birlik üçün ən uğurlu debüt ola bilər: “Bu mənada cənab İlham Əliyev doğru zamanı və məkanı seçməklə nəyi nə zaman etməyi bildiyini bir daha nümayiş etdirdi. Amma açığı, ötən dövrün təcrübəsi Ermənistanın könüllü olaraq bu imkanı anlayıb sülh üçün iradə nümayiş etdirəcəyinə ciddi şübhələr yaradırdı. Xüsusən də 12-14 sentyabr sərhəd təxribatından sonra antiazərbaycan koalisiyasının fəallaşmasından eyforiyaya düşən İrəvan məhvə doğru getdiyinin fərqinə daha az varmağa başladığı şəraitdə. Amma aydındır ki, 44 günlük müharibə və sonrakı dövrdə hərbi qarşıdurmalar nəticəsində regionda əməliyyat şəraitinin tam şəkildə bizim əsgərin nəzarətində olması, Azərbaycanın artan hərbi-siyasi gücü və Avropanın enerji təhlükəsizliyi üzərində güclənən təsir imkanı, ən əsası isə Prezident İlham Əliyevin şəxsi nüfuzu İrəvana manevr imkanları verməyəcək. Yəni Prezident İlham Əliyev elə siyasi konfiqurasiya formalaşdırıb ki, istənilən halda zaman lehimizə işləyir. İrəvan bundan sonra "yaxşı və daha yaxşı" arasında yox, "olum və ölüm" arasında seçim etməyə məhkumdur. İkincisi, 10 noyabr bəyanatı ilə götürdüyü öhdəlikləri icrasından yayınmaqla kapitulyasiya aktının qarantına etdiyi hörmətsizlikdən sonra, İrəvanın Avropa Birliyinə də eyni münasibəti sərgiləmək kimi şansı yoxdur”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Brüssel prosesi İrəvan üçün faktiki son xilas imkanıdır və bu mənada Paşinyan ilk növbədə elə erməni xalqının maraqları naminə daxildəki revanşistlərə və diaspora tərəfindən idarə olunan siyasiləşmiş terror təsisatlarına maksimum dirəniş göstərməlidir: “Paşinyan yeri gəldikcə daxildə qətiyyətlə güc tətbiq etməkdən belə çəkinməməlidir ki, Praqada əldə olunan ilkin razılaşmalar üzrə irəliləmək mümkün olsun. Azərbaycanın mövqeyi isə gördüyünüz kimi qətidir, danışıqlarda daxili məsələlərimiz, o cümlədən Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin məsələsi müzakirə mövzusu deyil. Proses yalnız Ermənistanla yekun sülh müqaviləsi, siyasi münasibətlərin normallaşması, sərhədlərin delimitasiya və demarkasiyası, qarşılıqlı tanınması istiqamətində aparılır. Açıq demək lazımdır ki, Praqada əldə olunan ilkin nəticələr, xüsusən Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması fonunda bu dəfə real sülhə daha yaxın olduğumuzu göstərir. Bu mənada Praqa görüşü Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin növbəti qələbəsi hesab edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR