Bəhruz Məhərrəmov: Fransa, Almaniya və Avropa İttifaqı Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışır

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 22 sentyabr 2023 17:50 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası Azərbaycanla bağlı söz haqqını çoxdan itirib. Bəzi daimi üzvləri üçün maraq kəsb edən məsələlər üzrə qətnamələri saatlar içində icra olunan BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən 4 qətnaməni 27 il ərzində icra etmədi. Azərbaycan özü hərbi-siyasi yolla qətnamələrin icrasına nail oldu.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, son 3 ildə bir ovuc separatçı üçün 4 dəfə toplanan Təhlükəsizlik Şurası 30 il 1 milyon məcburi köçkünün iztirabını görməzdən gəldi: “Öz evindən işgəncə və təzyiqlər altında, zorakılıqla qovulan 350 minlik Qərbi azərbaycanlını 35 ildir görməzdən gəlir. Mina terroru ilə bağlı az qala hər il qətnamələr qəbul edən, Oslo, Ottava, Brüssel Konvensiyalarını dildə təşviq edən BMT məhz Ermənistanın dövlət səviyyəsində işğal və təcavüzkar siyasəti nəticəsində Azərbaycanın dünyanın mina ilə ən çox çirklənən bölgəyə çevrilməsindən danışmır. Saxtakar şəkildə "təhlükəsizlik və insan haqları" iddialarını utanmazcasına dünyanın ən ali masasına daşıyanlar son 3 ildə 300-dən çox mina qurbanımızı görmək istəmir”.

Deputat qeyd edib ki, etnik separatizm və terroru açıq formada müdafiə edən Avropa İttifaqı, Fransa və Almaniya kimi subyektlər 3 gün öncə 8 vətəndaşımızın məhz bu terrorçuların mina terrorunun qurbanına çevrilməsi barədə bir kəlmə də danışmır: “Amma faşizmin beşiyi olmuş Almaniya, Afrika və Asiyada soyqırımlar törətmiş əli qanlı kolonist Fransa və radikal xristian klubu Avropa İttifaqı Azərbaycana haqq və hüquqdan dərs keçmək niyyətinə düşüb. Təbii ki, Azərbaycan Prezidenti tarixi gözəl bilir, eyni zamanda da hər kəsə yerini bildirməyi də bacarır. Ən azı son 3 ildə mənfur Fransa-Almaniya-Avropa İttifaqı üçlüsü bunu əyani olaraq görüb. Bu mənada ötən gün BMT Təhlükəsizlik Şurasında müzakirələr beynəlxalq hüquq adına utanc idi. Ermənistan da bilməlidir ki, nə Fransa, nə Almaniya, nə də Avropa İttifaqını əslində Ermənistan və separatçılar maraqlandırmır. İclasda xüsusi fəallıq edən subyektlər əslində separatizmin kölgəsində, yeni geosiyasi situasiyada Cənubi Qafqazda təzyiq mühiti yaradaraq öz maraqlarının təmin edilməsinə çalışırlar ki, bu da ilk növbədə elə təşəbbüskarların özləri üçün qəbuledilməz presedentlərə yol açacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR