Bəhruz Məhərrəmov: Prezidentin mövqeyi BMT-yə yeni baxış formalaşdırmaq üçün mükəmməl imkandır

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 12 yanvar 2023 11:57 (UTC +04:00)

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində ən çox diqqət çəkən mövzulardan biri heç şübhəsiz ki, yeni dünya düzəni və BMT sistemində islahatlarla bağlı çağırışları oldu”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan Prezidentinin eyni zamanda dünyanın ikinci ən böyük təsisatı - Qoşulmama Hərəkatının rəhbəri olduğunu, yəni həm də 120 dövlətin maraqlarını təmsil etdiyi nəzərə alsaq, bu çağırışın qlobal əhəmiyyəti mübahisəsizdir: “Xüsusən BMT-də təklif edilən yeni düzən təşkilatın öz vəzifələrini lazımi formada yerinə yetirə bilmədiyi, yaxud 78 il öncə müəyyənləşdirilmiş vəzifələrin özünün artıq müasir qlobal çağırışlarla ayaqlaşmadığı şəraitdə çox aktual oldu”.

Deputat qeyd edib ki, dünyanın nəinki siyasi, hətta az qala fiziki xəritəsinin belə dəyişikliklərə məruz qaldığı ötən 80 ilə yaxın dövrdə siyasi, iqtisadi, hüquqi dəyərlər, qlobal maraqlar tam fərqli məcraya qədəm qoyub: “Maraqlar artıq sosialist-kapitalist qütblərinin toqquşmasında ifadə olunmur, artıq sərhəd anlayışı daha geniş məna kəsb etməyə başlayıb. Belə olan təqdirdə 1945-ci ilin standartları ilə yeni dünyaya yanaşmaq təbii ki, effektiv ola bilməz. Digər tərəfdən, hətta effektiv olsa belə BMT-nin fəaliyyəti bir çox dövlətlərə, xüsusən islam dünyasına münasibətdə ikili standartlarda ehtiva olunur. Məsələləri faktiki olaraq yalnız Təhlükəsizlik Şurasının 5 daimi üzvü həll edir. Prezident İlham Əliyevin dediyi kimi, bəzilərinə münasibətdə saatlar ərzində hərəkətə gələn BMT mexanizmləri digərlərinə münasibətdə icrasız qalır. Elə Azərbaycanın nümunəsində 30 il yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurası qətnamələri buna ən bariz misaldır. Azərbaycan Prezidenti də artıq bir neçə dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılmasını təklif edib. Əslində bu, bəşəri niyyətlərə hesablanan təklifdir, çünki Azərbaycan özü BMT qətnamələrinin icrası üçün kimsəyə möhtac deyil, Prezident İlham Əliyev özü güc yolu ilə, BMT Nizamnaməsinin 25 və 51-ci maddələrinə uyğun olaraq qətnamələri 2020-ci ildə icra edib. Bütün bunlar artıq onu deməyə əsas verir ki, təşkilat konseptual yenilənməyə möhtacdır. Peşəkar diplomat və siyasətçi, eyni zamanda dünya siyasətində ciddi nüfuz və təsir sahiblərindən olan Prezident İlham Əliyevin bu istiqamətdə ifadə etdiyi mövqe BMT-yə yeni baxış formalaşdırmaq üçün mükəmməl imkan kimi dəyərləndirilməlidir. Təkliflərə gəldikdə, dövlət başçısının mövqeyi daha çox BMT-nin nüfuzunun bərpası və ümumilikdə təşkilatın özünün xilası üçün kifayət qədər sadə, ədalətli və müasir qlobal çağırışlara uyğun həll yollarıdır. Azərbaycan Prezidentinin konkret təkliflərinə gəlincə, məsələn, Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılması əslində dünya dövlətlərinin böyük çoxluğunun istəyidir. Bildiyiniz kimi, Türkiyə Prezidentinin Rəcəb Tayyib Ərdoğan da “dünya beşdən böyükdür” deyərək bu mövqeni bölüşür”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycan rəhbərinin təklif etdiyi həll yolu kifayət qədər praqmatikdir, ilk növbədə İslam Əməkdaşlıq Təşkilatının rotasiya qaydasında müəyyən edəcəyi müsəlman bir dövlət daimi üzv olmalıdır: “Habelə 120 ölkənin cəmləşdiyi Qoşulmama Hərəkatına sədrlik edən dövlət o daimi yerdə olmalıdır və əgər veto hüququ qalacaqsa, hər iki təklif subyektinə bu hüquq verilməlidir. Bu, Azərbaycanın təklifləri idi. Amma eyni zamanda yeni dünya düzənindən danışırıqsa, Azərbaycanın özünün yeni reallığa töhfələri mütləq qeyd olunmalıdır ki, Prezident İlham Əliyev müsahibəsində bunu xüsusi olaraq vurğuladı. Söhbət Qoşulmama Hərəkatının institusionallaşdırılmasından gedir. Həqiqətən də dünyanın ikinci böyük təsisatı olan Qoşulmama Hərəkatında təşkilatlanmaya doğru köklü addımlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının parlament platforması, Gənclər Şəbəkəsi yaradıldı və bu gün Hərəkatın də qarşısında duran əsas vəzifələrdən biri məhz təsisatın əvvəlki səviyyəyə düşməsinə, nüfuzunu itirməsinə imkan verilməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR