Binəli Yıldırım: “İlham Əliyev zəngin dünyagörüşünə, çevik qərar vermək xüsusiyyətinə malik prinsipial şəxsdir” - MÜSAHİBƏ - VİDEO

Binəli Yıldırım

© APA | Binəli Yıldırım

# 24 dekabr 2021 12:43 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımın APA-nın yerli bürosuna müsahibəsi

- Öncə Azərbaycanla Türkiyə arasında münasibətlərdən başlayaq. Hörmətli Binəli bəy, bu münasibətləri necə qiymətləndirirsiniz?

- Türkiyə-Azərbaycan deyincə, ilk olaraq Ulu Öndər Heydər Əliyevin “İki dövlət, bir millət” deyimi ağlımıza gəlir. Eyni zamanda Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” anlayışı da Türkiyə ilə Azərbaycan arasında əlaqələrin sübutudur. Bu səbəbdəndir ki, 30 il öncə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub və o gündən bu günədək Azərbaycanın inkişafında, rifahında, təhlükəsizliyində ölkəmiz lazım olan dəstəyi verir. Azərbaycan da qarşılıqlı olaraq Türkiyəyə dəstəyini əsirgəmir. Enerji təhlükəsizliyi, nəqliyyat kimi böyük layihələr cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın geniş uzaqgörənliyi əsasında həyata keçirilir. Bakı-Tblisi-Qars dəmiryolu xətti, Bakı-Tbilisi-Ceyhan neft boru xətti, TANAP, TAP layihələri, sadəcə, Türkiyə ilə Azərbaycan arasında deyil, Orta Asiyanı, bütün Qafqazı və hətta Avropanın enerji və logistika sahəsində təhlükəsizliyini təmin edən layihələrdir.

- Azərbaycanın 44 günlük Vətən müharibəsinin qələbə ilə nəticələnməsində Prezident İlham Əliyevin liderlik rolu haqqında düşüncələriniz nədir?

- Hər şeydən öncə Azərbaycan sovetlər birliyinin dağılmasından sonra regiondakı dövlətlərlə bir yerdə öz müstəqilliyini qazandı, amma Ermənistan təəssüf ki, fürsətdən istifadə edib yenicə müstəqilliyinə qovuşan Azərbaycanın ərazi bütövlüyünü pozaraq, Qarabağı işğal etdi. Keçid dönəmində azərbaycanlı qardaşlarımız müstəqilliyini yeni bərpa etdiyi üçün Ermənistanın cavabını yetərincə vermək gücündə olmadı. Təbii ki, bu işğalı da Ermənistan təkbaşına etmədi. Dəstək aldığı ölkələr oldu. Bunun acı nəticələrini də çox təəssüf ki, birgə yaşadıq. Sonra bir çox beynəlxalq təşkilatın - BMT-nin, ATƏT-in Minsk qrupunun bəzi fəaliyyətləri oldu, amma bu fəaliyyətlər “həvəngdəstə ilə su döyülməsi” məsəli ilə desək, heç bir müsbət nəticə vermədi, toplantılar etdilər, ayrıldılar, fəqət Qarabağ işğalı davam etdi. Ta ki bir il əvvələ qədər.

Bu müddətdə də Türkiyə ilə Azərbaycan bu istiqamətdə fəaliyyətsiz qalmadı. Azərbaycanın nizamlı ordusu quruldu, Türkiyənin 150 illik hərbi təlim təcrübəsi azərbaycanlı hərbiçilərimizə öyrədildi. Danışıqlar masasından bir nəticə hasil olmayınca, bizdə bir deyim var: “Dırnağın varsa, başını qaşı”. Bu təbirlə desək, Azərbaycan da özü ilə bağlı bu qərarı verdi. Təbii ki, bu da asan məsələ deyildi. Belə bir qərarı vermək bir liderlik və cəsarət tələb edirdi ki, bunu da cənab İlham Əliyev layiqincə bacardı. Və bütün bu fəaliyyətlər 44 günlük savaşda öz bəhrəsini verdi.

Əlhəmdülillah, 30 illik işğal başa çatdı, nəticədə Azərbaycan bayrağı Şuşanın zirvəsinə sancıldı. Bununla da cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır, Azərbaycan bayrağı Qarabağda dalğalanacaq” prinsipi həyata keçdi. Beləcə də, illərlə qanayan bir yaranın qarşısı alındı. Bu qələbədə cənab İlham Əliyevin öndərliyi və cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəstəyinin şahidi olduq.

Bu vəsilə ilə 44 günlük Qarabağ savaşında həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə xeyirli, uzun ömürlər diləyirəm.

- Şuşa Bəyannaməsini necə dəyərləndirirsiniz?

- Prezidentlərimizin iştirakı ilə Şuşada keçirilən tədbirə səfər edərkən bir daha şahid odum ki, Şuşa Bəyannaməsi 44 günlük zəfərin dünyaya elan edildiyi Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyinin bütün dosta-düşmənə elan edildiyi bir sənəddir. Bu Bəyannamə artıq işğal dönəminin keçmişdə qaldığını sənədlə də təsdiqləyir. Şuşa Bəyannaməsi Azərbaycanın inkişafı üçün yeni səhifə açır. O sənəddə Zəngəzur dəhlizinin açılması, Laçın dəhlizi ilə bərabər yol və infrastrukturun bərpası, qaçqın və köçkünlərin yurd-yuvalarına dönməsi və bir çox digər məsələyə imza atıldı. O maddələr də hazırda bir-bir həyata keçirilməkdədir. Keçən həftə Cənab İlham Əliyev Brüsseldə idi, bundan öncə də Rusiyaya getdi, görüşlər, fəaliyyətlər davam edir, inşallah Azərbaycanın gələcəyinin gözəl olacağına inanıram.

- Yeri gəlmişkən, dekabrın 24-ü Azərbaycan Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Cənab İlham Əliyevin şəxsiyyətini və siyasi fəaliyyətini necə xarakterizə edərdiniz?

- Hər şeydən öncə Cənab İlham Əliyevin ad gününü təbrik edirəm. Rəbbim cənab Prezidentə ailəsi və milləti ilə birgə Azərbaycana daha neçə gözəl illər rəhbərlik və xidmət nəsib eləsin. Bunu bildirmək istərdim ki, mən İlham Əliyevi illər öncə tanıdım. Bakı-Tbilisi-Qars layihəsi icra olunarkən, sıx-sıx görüşlərimiz keçirildi və bu görüşlər çərçivəsində o, bizə çox böyük dəstək verdi. Mən o müddətdə cənab İlham Əliyevin zəngin dünyagörüşünə, çevik qərar vermək xüsusiyyətinə, problemlərin həlli məsələsində nə qədər prinsipial davrandığına şahid oldum. Onunla birgə işləməkdən, təlimatları əsasında fəaliyyətlərimdən çox böyük zövq aldım.

Cənab İlham Əliyev liderlikdən əlavə, çox təvazökar, humanist xüsusiyyətlərə də malikdir. İnsanlarla ünsiyyətində, sosial əlaqələrdə də olduqca sadədir. “Mən prezidentəm, qarşımdakı sadə insandır” deyə, bir davranışı yoxdur. O, insana insan olduğu üçün dəyər verir. Osmanlı dövlətinin 600 illik bir ənənəsi var: “İnsanı yaşat ki, dövlət yaşasın”. Bu anlayış cənab İlham Əliyevin şəxsində də özünü büruzə verir.

Bunu hər kəs bilməlidir ki, Türkiyənin 84 milyonluq əhalisi ilə Azərbaycan xalqı qardaşdır, bir millətdir, iki dövlətdir və bu qardaşlıq sonsuza qədər davam edəcək. Biz sevinclərimizi paylaşıb çoxaldacağıq, kədərlərimiz olursa, onu da paylaşıb, azaldacağıq və Azərbaycanla Türkiyənin bu mədəniyyət yolçuluğu daim davam edəcək.

Bu günlərdə də biz Ankarada Şuşa və 44 günlük Qarabağ zəfərindən, prezidentlərimizin dostluğundan, Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən “Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimetmə mərasimini keçirdik ki, bu da bizim sarsılmaz əlaqələrimizin daha bir sübutudur.

Azərbaycanlı qardaşlarımıza çox təşəkkür edirəm, buradan sevgi, sayğılarımı göndərirəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR