BMT ilə əməkdaşlığın 30-cu ildönümü münasibətilə konfrans keçirilib - FOTO

BMT ilə əməkdaşlığın 30-cu ildönümü münasibətilə konfrans keçirilib - FOTO
# 06 may 2022 18:27 (UTC +04:00)

ADA Universitetində Azərbaycan və BMT arasında əməkdaşlığın 30-cu ildönümü münasibətilə konfrans keçirilib.

APA xəbər verir ki, konfransda xarici ölkələrin Azərbaycandakı səfirləri, Azərbaycan XİN-in rəsmiləri iştirak edib.

Azərbaycanın BMT-dəki ilk səfiri Həsən Həsənov çıxışında Azərbaycanın BMT-yə qəbulu, Qarabağ münaqişəsi ilə bağlı BMT çərçivəsində gedən müzakirələr, qəbul olunan sənədlər və qətnamələr barədə məlumat verib.

1990-cı illərin əvvəllərində regionda yaranmış böhran barədə danışan diplomat deyib ki, həmin illərdə Sovet İttifaqının Azərbaycana qanla gəlib, qanla da gedəcəyi barədə fikir var idi: “1980-ci illərin sonlarında baş verənlər də bu quruluşun qanla gedəcəyini göstərirdi və nəticədə 1990-cı ildə Qanlı Yanvar hadisələri törədildi”.

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi Konako Mabuçi qeyd edib ki, son 30 ildə Azərbaycan iqtisadi inkişaf və insan kapitalı baxımından böyük irəliləyiş əldə edib: “Bu gün Azərbaycan regionun aparıcı aktoruna çevrilib və qlobal səylərə öz töhfələrini verir. Azərbaycan BMT Nizamnaməsinin prinsiplərinə hörmət edən, beynəlxalq təşkilatın kollektiv səylərinə dəstək verən tərəfdaşdır. Azərbaycan pandemiya dövründə də qlobal həmrəyliyə sadiq qalıb, pandemiya ilə mübarizədə öz töhfəsini verib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın təşəbbüsü ilə BMT-də COVID-19-la bağlı müzakirələr keçirilib.

Azərbaycan və BMT arasında 30 ilik münasibətlər yardım əsaslı əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə keçib. Tərəfdaşlığımız Azərbaycanın 2021-2025 dayanıqlı inkişaf istiqamətindəki hədəfləri ilə daha da güclənib. Biz Azərbaycanın inkişafına, regionun sabitlik və dayanıqlı inkişafına dəstək verməklə bağlı öhdəliyimizə sadiqik. Post-pandemiya dövründə Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı səbirsizliklə gözləyirik”.

BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev də çıxış edib.

O, Azərbaycanın BMT-dəki fəaliyyəti barədə danışıb. O vurğulayıb ki, Azərbaycan Şərqi Avropa regionundan BMT TŞ-yə müvəqqəti üzv seçilən ilk ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR