BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycan əhalisi müharibədən ciddi zərər görüb”

Vladanka Andreeva

© APA | Vladanka Andreeva

# 05 oktyabr 2022 14:51 (UTC +04:00)

Azərbaycan hökuməti ilə prioritet sahələrdə əməkdaşlıq edirik və bu əməkdaşlıq rəqabətə davamlı iqtisadiyyat, güclü institutların yaranması, insan kapitalına investisiyalar və təmiz ətraf mühit sahələrini əhatə edir.

APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Ağdamda keçirilən Milli Şəhərsalma Forumu çərçivəsində paneldə çıxışı zamanı deyib.

O, bu il BMT ilə Azərbaycan arasında münasibətlərin 30-cu ildönümünün qeyd olunduğunu xatırladıb.

Vladanka Andreeva COVID-19 pandemiyasının qlobal nəticələrinə toxunaraq bildirib ki, pandemiya ilə mübarizə və onun nəticələrini minimuma endirmək üçün Azərbaycan dayanıqlı və güclü strategiya qəbul edib, pandemiya ilə mübarizədə ölkələrə qlobal dəstək verib.

Regionda müharibənin nəticələrinə toxunan BMT təmsilçisi deyib ki, bu müharibədən Azərbaycan əhalisi ciddi zərər görüb, travma yaşayıb: “BMT Azərbaycana post-münaqişə dövründə dəstək verməyə davam edir, xüsusilə minatəmizlənmə sahəsində Azərbaycanla birgə işləyirik. Gənclərin əmək bazarına hazırlanması, ərazilərdə dağıntıların qiymətləndirilməsi ilə bağlı hesabatlar hazırlanır, qiymətləndirmələr aparılır. Qeyd edim ki, belə forumlar hesabatlar üçün vacibdir”.

BMT rəsmisi azad olunmuş sahələrdə sıfır emissiyalarla bağlı Azərbaycanın gündəliyinə də toxunub və bunun vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR