BMTM-in ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib - FOTO

BMTM-in ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib  - FOTO
# 28 dekabr 2022 11:28 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, mərkəzin sədri Fərid Şəfiyev bildirib ki, 3 ildən artıqdır fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2022-ci ildə də aktiv iş aparıb. Qurum fəaliyyətini ölkənin xarici siyasət gündəmini dünya və yerli ictimaiyyətə məqalələr, hesabatlar, təhlillər, tədbirlə, müsahibələr vasitəsi ilə çatdırılması istiqamətində qurub.

"Mərkəzin məhsulları Azərbaycan-Ermənistan sülh prosesi mərkəzdə olmaqla yanaşı, regionda nəqliyyat və enerji layihələrini, ikitərəfli əməkdaşlıq əlaqələrini, Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakını, dünyada baş verən siyasi prosesləri və bu proseslərin Azərbaycana təsirlərini əhatə edib. Ümumi məqsəd Azərbaycan həqiqətlərini öz dillərində xarici auditoriyaya çatdırmaqdan ibarət olub. İl ərzində mərkəz əməkdaşları tərəfindən 200-ə yaxın arayış və təhlil hazırlanıb. Mərkəz əməkdaşları tərəfindən ingilis dilində “Ermənistanda oliqarx sistemi və diaspor maqnatlarının təsiri”, “Azərbaycanın bloklara qoşulmaması”, “İkinci Qarabağ müharibəsinin beynəlxalq mediada işıqlandırılması”, “Azərbaycanın səsinin boğulması”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin 2021-ci üzrə İllik Hesabatı” və rus dilində “Rusiyada erməni diasporu: İkinci Qarabağ müharibəsi və onun nəticələri” adlı hesabat yazılıb" - deyə o bildirib.

Fərid Şəfiyev qeyd edib ki, Mərkəzin dəstəyi ilə 2022-ci ildə müəllifi olduğu Azərbaycan dilində “Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə”, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi ilə birgə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı Zəfərə aparan yol”, Türkiyə Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun müəllifi olduğu və BMTM-in şöbə müdiri Cavid Vəliyevin tərcümə etdiyi “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi”, rus dilində Həsən Həsənovun müəllifi olduğu “Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası” adlı kitablar işıq üzü görüb və təqdimatları keçirilib.

"Aprelin 29-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı ikinci beynəlxalq forum keçirilib. Forumun ikinci günü konfrans iştirakçıları olan xarici beyin mərkəzi nümayəndələri və beynəlxalq ekspertlərin Prezident İlham Əliyevlə görüşü baş tutub. Həmçinin noyabrın 24-26-da BMTM və ADA Universitetinin birgə təşkilatçılığı və 30-dan çox beynəlxalq ekspertin iştirakı ilə “Orta Dəhliz boyunca – Geosiyasət, Təhlükəsizlik və İqtisadiyyat” mövzusunda aralıq beynəlxalq konfrans keçirilib. Konfransın ilk günü ADA Universitetində konfrans iştirakçılarının Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü keçirilib. Növbəti gün iştirakçılar Prezident İlham Əliyevlə görüşüblər və ölkə başçısı onların suallarını cavablandırıb. Qonaqlar həmçinin Ağdam şəhərinə səfər ediblər.

Bu il təşkil edilmiş tədbirlər sırasında həmçinin BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə “Qadın, sülh və təhlükəsizlik: Post münaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransı, Xarici İşlər Nazirliyi ilə birgə “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfransı, iyulun 3-ü Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransını, sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumunu, Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi ilə birgə “Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu İldönümü" adlı konfransı, Ankarada “Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yenidən qurulmasının 30-cu ildönümü” adlı konfransı, Afinada "Avropanın enerji təhlükəsizliyi: İndiki vəziyyət, çağırışlar və imkanlar" adlı beynəlxalq konfransı, Moskvada Rusiya-Azərbaycan Ekspertlər Şurasının II iclasını, Varşavada Polşa-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə dair tədbiri qeyd etmək olar" - deyə o qeyd edib.

Bu il həmçinin media nümayəndələri üçün yanvarın 24-26-da Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkil etdiyi “Müharibədən sonrakı reallıqlar və media” başlıqlı 3 günlük təlimlər və dekabrın 6-da Medianın İnkişafı Agentliyi ilə birgə “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirildiyini xatırladan Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ölkədə baş verən siyasi prosesləri beynəlxalq auditoriyaya çatdırmaq işinin tərkib hissəsi olaraq əməkdaşların 2022-ci ildə xaricdə 130-dan çox məqalələrinin dərc olunduğunu vurğulayıb.

"Bu baxımdan «The National İnterest», «Jamestown Foundation», «Common Space», «Modern Diplomacy», «EU Reporter» «Eurasia «Review», həmçinin Türkiyənin, Rusiyanın, Balkan və Ərəb ölkələrinin bir sıra dərgilərini sadalamaq olar.

Bu il Xarici İşlər Nazirliyi Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və BMTM-in birgə həyata keçirdikləri AİDA proqramı çərçivəsində Belçika, Polşa, Bolqarıstan, Türkiyə, Gürcüstan, Misir, İordaniya, Əlcəzair, Pakistan, Qətər, Malayziyadan olan 12 ekspert il boyu müxtəlif vaxtlarda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təqaüd proqramında iştirak ediblər. Onlar Azərbaycanda olduqları müddətdə Azərbaycanla bağlı müxtəlif araşdırmalar həyata keçiriblər, görüşlərə qatılıblar.

Qeyd olunduğu kimi, BMTM bu il 4 anlaşma memorandumu imzalayıb. Bunlar Belçikanın “New Direction” İnstitutu, Pakistanın Müsəlman İnstitutu, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin xarici siyasət araşdırmaları üzrə rəsmi beyin mərkəzlərinin 8-ci iclası çərçivəsində beyin mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması haqqında anlaşma memorandumlarıdır. Bununla da əməkdaşlıq etdiyimi xarici tərəfdaşlarımızın sayı 35-ə çatıb.

İl ərzində mərkəz əməkdaşları xarici siyasətdə baş verən proseslərlə bağlı yerli media vasitələr 400-ə yaxın müsahibə verib, müzakirələrə, analitik verilişlərə qatılıblar. Həmçinin dünya ictimaiyyətini də ölkədə baş verən proseslərlə bağlı məlumatlandırmaq üçün xarici mediaya, o cümlədən «Əl Cəzirə», «Amerikanın Səsi» kanallarına, «Forbes», «Diplomatik World» jurnallarına, Fransanın, İsrailin, Serbiyanın, Türkiyənin müxtəlif media vasitələrinə 30-dan çox müsahibə veriblər.

Bu ildən etibarən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi videomaterialların, müsahibələrin hazırlanmasına başlayıb. Proses ilin sonunda aktivləşib və növbəti illərdə daha sürətlə davam edəcək. İndiyə kimi ABŞ-ıın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, Keçmiş xarici işlər nazirləri Həsən Həsənov, Elmar Məmmədyarov, ABŞ-da Yuta Universitetinin professoru Hakan Yavuz, Ceymstaun Fondunun elmi işçisi Vladimir Sokorla müsahibələr həyata keçirilib və böyük diqqətlə qarşılanıb. Bu iş həm də beynəlxalq auditoriyanı Azərbaycanla bağlı məlumatlara dair öz dillərində məlumatlandırmaq vasitələrindən biri kimi nəzərdən keçirilir" - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR