Bolqarıstanın keçmiş XİN başçısı: Bərpaolunan enerjiyə keçiddə Azərbaycanın təcrübəsini öyrənməliyik

Bolqarıstanın keçmiş XİN başçısı: Bərpaolunan enerjiyə keçiddə Azərbaycanın təcrübəsini öyrənməliyik
# 10 mart 2023 15:24 (UTC +04:00)

Azərbaycan yalnız Bolqarıstan üçün deyil, bütövlükdə Aİ üçün təhlükəsiz və etibarlı tərəfdaşdır.

APA xəbər verir ki, bunu Bolqarıstanın sabiq xarici işlər naziri Yekaterina Zaxariyeva X Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə deyib.

“Qərb ölkələri uzun müddət Rusiyadan gələn və artmaqda olan təhdidi gözardı etdilər. Biz biz Putin rejimini bəslədik. Biz çağırış edirdik ki, enerji mənbələri ilə bağlı alternativlər axtarmalı, bu sahəyə investisiya qoymalıyıq, amma bu çağırışlarımız ciddiyə alınmadı və bu gün biz bunun bədəlini ödəyirik, yalnız iqtisadi itkilərlə deyil, insanların canı həyatı ilə ödəyirik”, - sabiq XİN başçısı bildirib.

O qeyd edib ki, Rusiyanın müharibəsi 2022-də başlamadı, daha əvvəl, 2014-cü ildə başladı, işğalçılıq törədildi və ondan da əvvəl 2008-ci ildə Gürcüstan Rusiyanın təcavüzünə məruz qaldı: “Putinin ən güclü silahı Qərbin onun enerji mənbələrindən asılılığı idi. 2022-ci ildən qabaq Avropanın qazının 83 faizi Rusiyadan gəlirdi, lakin indi bu 20 faizdir və böyük irəliləyişdir.

Bolqarıstanın Rusiya qazından asılılığı bu müharibədən qabaq 95 faiz idi, lakin bu müharibə başlayan kimi, Rusiyanın qaz şirkəti ilə olan müqavilədən imtina edən ilk ölkə biz olduq. İndi bizim Rusiya qazından asılılığımız sıfır faizdir”, - keçmiş XİN başçısı qeyd edib.

Yekaterina Zaxariyeca Azərbaycanla münasibətlərə də toxunub: “Azərbaycan bizim enerji mənbələrində alternativlərlə bağlı strategiyamızda vacib rol oynayır. Biz Azərbaycanla illər əvvəl strateji tərəfdaşlıq imzaladıq, əməkdaşlığımız üzərində işləməyə başladıq, etibar yaratdıq. Bu gün Bolqarıstanın qazının 1/3-i TAP vasitəsilə Azərbaycandan gəlir.

Aİ ilə Azərbaycan arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlıq sənədindən sonra inanırıq ki, bu rəqəm artacaq. Azərbaycan yalnız Bolqarıstan üçün deyil, bütövlükdə Aİ üçün təhlükəsiz və etibarlı tərəfdaşdır. Biz həmçinin bərpaolunan enerjiyə keçiddə Azərbaycanın təcrübəsini öyrənməliyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR