Britaniya İcmalar Palatasında Laçın yolundakı vəziyyətə dair debat keçirilib, real vəziyyətlə bağlı faktlar açıqlanıb

Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov

© APA | Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov

# 26 yanvar 2023 12:04 (UTC +04:00)

“Böyük Britaniya parlamentinin İcmalar Palatasında Laçın yolundakı vəziyyətə dair keçirilən debatda bəzi deputatlar Azərbaycan haqqında təhrif olunmuş məlumatlar təqdim etməyə cəhd göstəriblər. Lakin Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bob Bləkmən Laçın yolundakı aksiyanın səbəbləri və real vəziyyətlə bağlı faktları həmkarlarının diqqətinə çatdırıb”.

Bu barədə APA-ya Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.

Soltan Məmmədovun sözlərinə görə, Ermənistanla Dostluq Qrupunun sədri Tim Loutonun təşəbbüsü ilə təşkil olunan müzakirələrdən öncə Azərbaycan tərəfinin mövqeyi müvafiq kanallar vasitəsilə parlamentarilərə yazılı və şifahi şəkildə çatdırılıb.

Deputat qeyd edib ki, debatda Bob Bləkmən Laçın yolunun qeyri-humanitar məqsədlər, o cümlədən silah-sursat, mina və təbii ehtiyatların qanunsuz daşınması məqsədilə istifadə edildiyi barədə məlumat verib. Ruben Vardanyanın müəyyən planların tərkib hissəsi kimi Qarabağa göndərilməsi, Ermənistanın 30 ilə yaxın davam edən hərbi işğalı nəticəsində bir milyon azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşdüyü vurğulanıb: “Müzakirələrdə cənab Bob Bləkmən 300-ə yaxın Azərbaycan vətəndaşının mina partlayışları nəticəsində yaralandığı və ya həlak olduğunu barədə də bildirib. Bizim ölkəmizin haqlı və ədalətli mövqeyini çatdırmağa çalışıb. Laçın yolundakı aksiyanın tamamilə dinc xarakter daşıdığı qeyd olunub”.

Soltan Məmmədov bildirib ki, debatda hökumət nümayəndələri açıq məsələlərin həlli üçün Azərbaycan və Ermənistan arasında məzmunlu və hərtərəfli danışıqların bərpa olunmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, mina partlayışlarının insan tələfatına səbəb olduğu, Britaniya hökumətinin minaların təmizlənməsinə ayırdığı maddi yardımın əhalinin təkrar məskunlaşdırılmasına töhfə verəcəyi qeyd edilib.

Deputat vurğulayıb ki, erməni lobbisinin təsiri altında olan bəzi qüvvələr Britaniyada Azərbaycan əleyhinə fəaliyyətini intensivləşdirməyə çalışır. Lakin Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi, eləcə də parlamentlərarası dostluq qrupu ölkəmizin haqlı mövqeyini çatdırmaq üçün bütün imkanlardan istifadə edir.

Millət vəkili Britaniya parlamentinin üzvlərinin Azərbaycana səfərinin təşkili istiqamətində iş aparıldığını da diqqətə çatdırıb: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Britaniya ictimaiyyəti, siyasi dairələri, parlament və hökumət üzvlərini daha obyektiv məlumatlandırmağa nail olaq. Ölkələrimiz arasında çox yaxşı münasibətlər mövcuddur. Azərbaycan və Britaniya bir çox sahələrdə sıx əməkdaşlıq edir. Əlaqələrimizin çoxəsrlik tarixi, ənənələri var. Əsas məqam isə bundan ibarətdir ki, ikitərəfli münasibətlərimiz qarşılıqlı etimad üzərində qurulub. Hesab edirəm ki, bu etimad istənilən sahədə əməkdaşlığı inkişaf etdirmək üçün çox yaxşı zəmin rolunu oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR