Cahit Bağçı: “Parlaq gələcək yolunda əmin addımlarla irəliləyirik”

Cahit Bağçı

© APA | Cahit Bağçı

# 30 avqust 2022 19:59 (UTC +04:00)

“Türkiyə bu gün dosta güvən, düşmənə qorxu verən bir ölkəyə çevrilib”.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

Diplomat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik mesajını oxuyub.

O bildirib ki, 1922-də mübahisəolunmaz bir zəfərlə Türkiyə mübarizəsini tamamlayıb: “Əsarət və azadlıq arasında seçim olan vaxt xalq, azadlığı uğrunda nələri qurban verə biləcəyini göstərib. Millətimiz şəhadətə yürüyüb, azadlığına sahib çıxıb. Bu gün biz keçmişdən aldığımız güclə aydın, parlaq gələcək yolunda əmin addımlarla irəliləyirik", səfir vurğulayıb.

Türkiyəli diplomat bildirib ki, bu gün onun ölkəsi regional problemlərin həllində məsuliyyətli rol oynayaraq öz haqq etdiyi yeri almaqdadır:

“Türkiyə terrorla mübarizəsini davamlı şəkildə həyata keçirir. Zəfərin mənasını ən yaxşı bilən Azərbaycandır. 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdı və bu mübarizədə Türkiyə öz qardaşına mənəvi, diplomatik dəstək verib. Türkiyə güvənilir ölkəyə çevrilib, ölkəmiz etibarlı tərəfdaşdır. Biz qlobal sülh üçün ciddi səylər göstəririk. Suriya, Liviya, Cənubi Qafqazda, Ege bölgəsində fəal diplomatik işlərimiz var. Zəfərlərimizdən aldığımız ilhamla irəli doğru, parlaq gələcəyə doğru getməyə davam edəcəyik".

Qeyd edək ki, Bakıda Türkiyənin Zəfər Bayramı 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan hökumətinin təmsilçiləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri, ictimai xadimlər və media nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR