Ceyhun Bayramov: "İranla münasibətlərimizdə ticari-iqtisadi əlaqələr böyük önəm kəsb edir"

Ceyhun Bayramov: "İranla münasibətlərimizdə ticari-iqtisadi əlaqələr böyük önəm kəsb edir"
# 22 dekabr 2021 21:49 (UTC +04:00)

“İran və Azərbaycan arasında münasibətlərin əsasını dərin tarixi köklər mədəni və dini bağlar təşkil edir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov bildirib ki, İran XİN başçısının Azərbaycana ilk rəsmi səfəri olsa da, son aylar ərzində üç dəfə görüş baş tutub.

"Görüşlərin əsas məğzi ölkələrimiz arasında çoxşaxəli münasibətlərin müzakirəsindən ibarət olub. Münasibətlərimizin əsasını dərin tarixi köklər mədəni və dini bağlar təşkil edir. Azərbaycan müstəqilliyi qazandıqdan sonra iki ölkə arasında çox sayda sənədlər imzalanıb", nazir vurğulayıb.

Ceyhun Bayramov bildirib ki, bu gün keçirilən görüşlərdə müzakirə mövzular həm ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, beynəlxalq platformalarda əməkdaşlığın inkişafı olub: “Əməkdaşlığın vacib istiqamətlərindən biri üçtərəfli və dördtərəfli platformalarda qarşılıqlı əməkdaşlıq və iştirakdır. Münasibətlərimizdə ticari-iqtisadi əlaqələr böyük önəm kəsb edir. 2021-ci ilin ilk on ayı ərzində ticarət əlaqələrində 23.6 faiz artım olub".

Azərbaycanlı nazir hökumətlərarası komissiyanın intensiv fəaliyyətini qeyd edib: "İranda yeni hökumət formalaşdıqdan sonra yeni layihələrlə bağlı konkret nəticələr var. Aşqabad şəhərində prezidentlərin iştirakı ilə Türkmənistan qazının Azərbaycan vasitəsilə ixracı barədə razılıq əldə olundu və bu istiqamətdə 2022-ci ilin əvvəllərində işlər başlayacaq.
İran-Azərbaycan-Gürcüstan vasitəsilə nəqliyyat dəhlizinin inkişafı istiqamətində işlər görülür. Sistemli işlər aparılır, hökumətlərarası komissiyanın iclası üçün yol xəritəsi üzərində işlər gedir”.

C.Bayramov deyib ki, İran və Azərbaycan ölkələrin ərazi bütövlüyünün, suverenliyinin tanınması və buna hörmət prinsiplərini əsas hesab edir: “İran tərəfindən ən yüksək səviyyədə bildirilib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, 44 günlük müharibədə Azərbaycanın haqq işinə dəstək ifadə olunub”.

XİN başçısı deyib ki, Ermənistanın 30 ilə yaxın təcavüz siyasəti regiona ciddi təhdid yaradırdı və bu işğala son qoyulması həm ədalətin hüququn bərqərar olması ilə yanaşı, region üçün yeni imkanlar yaradıb: "Yeni vəziyyət yalnız Azərbaycan və Ermənistan üçün imkanlar açmır, region üçün imkanlar vəd edir. Azərbaycan ərazi bütövlüyünü təmin edərək beynəlxalq sərhədlərinə nəzarəti təmin edib, bu İranla da sərhəddə aiddir və bu reallıq yeni imkanlar açıb.

Yaxın gələcəkdə bu sərhədyanı ərazilərdə yeni işlərin görüldüyünün şahidi olacağıq".

Nazir deyib ki, region ölkələri üçün həm də yeni imkanların araşdırılması üçün "3+3" platforması qeyd olunmalıdır: “İran bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biridir. Artıq bu platforma çərçivəsində Moskvada görüş oldu. İnanırıq ki, bu prosesin davamını görəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR