Ceyhun Bayramov paraqvaylı deputatları qəbul edib  

Ceyhun Bayramov paraqvaylı deputatları qəbul edib  
# 13 iyun 2022 20:51 (UTC +04:00)

13 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyəti - Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri, eyni zamanda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Valter Enrike Harms Sespedes və Senatdakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Orlando Akino Xara ilə görüşüb.

XİN-dən APA-ya verilən məlumata görə, qonaqları salamlayan nazir Ceyhun Bayramov, iki ölkə arasında mövcud olan əlaqələrin məmnunluq doğurduğunu və Azərbaycanın Paraqvayla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.

Ceyhun Bayramov, 2019-cu ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin, habelə 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavinin Paraqvaya səfərlərinin, bu xüsusda keçirilən görüşlərin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirib. Nazir, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının, o cümlədən parlament diplomatiyasının önəmli yer tutduğunu ifadə edib. Paraqvay-Azərbaycan dostluq qrupunun üzvlərinin Azərbaycanla bağlı məsələlərdə böyük fəallıq göstərdiyi, habelə Xocalı ilə bağlı Paraqvay Parlamenti tərəfindən qətnamənin qəbul edilməsi minnətdarlıqla qeyd olunub. Nazir Ceyhun Bayramov, həmçinin Paraqvay Parlamentinin nümayəndələrinə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, habelə bölgədə aparılan bərpa-quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verib. Hazırda Paraqvay Respublikasının Xarici İşlər Nazirliyinin iki gənc diplomatının ölkəmizdə təlim proqramında iştirak etdiyini qeyd edən nazir Ceyhun Bayramov, bu kimi mübadilələrin ikitərəfli əlaqələrin inkişafında müsbət rol oynadığını bildirib.

Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyətinin üzvləri, öz növbələrində Azərbaycana səfəri və bu xüsusda keçirilmiş görüşləri, habelə işğaldan azad edilmiş ərazilərə edilən səfəri yüksək qiymətləndirərək bu səfərin ölkədəki vəziyyətlə yerindəcə tanış olmaq baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər. Paraqvayın hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini, həmçinin Azərbaycanın ədalətli mövqeyini dəstləklədiyi vurğulanıb. Qarşı tərəf, Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını və səfərin potensial əməkdaşlıq sahələrinin müəyyən olunması baxımından əhəmiyyətini qeyd ediblər.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR