Ceyhun Bayramov Stokholmda polşalı həmkarı ilə görüşüb - YENİLƏNİB

Polşanın xarici işlər naziri Rau Zbiqnyev, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov

© APA | Polşanın xarici işlər naziri Rau Zbiqnyev, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov

# 03 dekabr 2021 16:10 (UTC +04:00)

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
APA-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumaya görə, görüş zamanı, Polşa və Azərbaycan arasında mövcud olan münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.


Nazirlər, gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi olduğuna istinad edərək, bununla əlaqədar müvafiq tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə, Polşanın 2022-ci ildə ATƏT-ə sədrliyi və bu xüsusda, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, Polşa sədrliyinin prioritetləri, o cümlədən ATƏT çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, həmkarına post-münaqişə regional təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşması istiqamətində atılmalı addımlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barəsində geniş məlumat verib.


Nazir Ceyhun Bayramov həmkarına işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə məlumat verib.

Görüşdə tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

13:37

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Polşa xarici işlər naziri Rau Zbiqnyevlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Polşa XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş Stokholmda ATƏT XİN Şurasının iclası çərçivəsində baş tutub.

Polşa XİN rəhbəri ölkəsinin Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib. Nazir Zbiqnyev deyib ki, Polşa ATƏT-in Minsk Qrupunun Cənubi Qafqazdakı fəaliyyətini dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR