Ceyhun Bayramovun Ermənistanla bağlı məktubu BMT sənədi kimi yayılıb

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 13 sentyabr 2022 16:50 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan ərazilərində minaların basdırılması da daxil olmaqla, Ermənistanın davam edən qanunsuz hərbi fəaliyyətləri barəsində məktubu BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədi kimi paylaşılıb.

APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” hesabındakı paylaşımında qeyd olunub.

Məktubda Ermənistan tərəfindən Azərbaycanın azad edilmiş ərazilərinin minalar və digər partlamamış hərbi sursatlarla çirkləndirilməsinə diqqət çəkilib, bunun ciddi təhlükə törətdiyi qeyd olunub.

Vurğulanıb ki, Azərbaycanın mühəndis istehkam bölmələri tərəfindən təkcə Laçın rayonunda avqustun 15-dən 22-dək 1 318 ədəd piyada əleyhinə mina aşkarlanıb və bu təhdidin nə qədər genişmiqyaslı olduğunu göstərir.

Məktubda həmçinin qeyd olunub ki, Ermənistan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın müvafiq müddəasının ziddinə olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmayıb və hərbi fəaliyyətlərini dayandırmayıb.

Əksinə Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yeni döyüş mövqeləri formalaşdırmağa davam edir, möhkəmləndirmə işləri aparır və yeni minalar basdırır.

Məktubda Azərbaycanın apardığı bərpa və yenidənqurma işlərinə də diqqət çəkilib. Vurğulanıb ki, Ermənistanın Azərbaycan ərazilərinə yeni minalar basdırması regionda sülhün bərqərar olunmasına və Azərbaycanın yenidənqurma səylərinə ciddi təhdid törədir. Bu baxımdan Ermənistanın müharibə cinayəti xarakteri daşıyan əməlləri dayandırılmalı və Ermənistan cəzalandırılmalıdır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR