Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın 2023-cü il 11-19 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmuş gənclərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
YAP-dan APA-ya verilən xəbərə görə, görüşdə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ÇXR-in Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min iştirak ediblər.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin nümunəvi xarakter daşıdığını, qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin diqqət mərkəzində olduğunu bildirib. O, Çinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməsinin önəmini diqqətə çatdırıb.
Daha sonra YAP Sədrinin müavini qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı kontekstində xüsusi yer tutduğunu və mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min Çinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə liderlərinin səyləri nəticəsində qarşılıqlı münasibətlərin strateji xarakter daşıdığını və müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Diplomat Çinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.