Deputat: “ABŞ-Azərbaycan əlaqələri strateji münasibətlər səviyyəsinə yüksəlib”

Müşfiq Cəfərli, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərli, Milli Məclisin deputatı

# 21 may 2022 15:00 (UTC +04:00)

“ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlaması Amerikanın Azərbaycanı xüsusi qiymətləndirməsindən xəbər verir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.

Deputat bildirib ki, Cozef Baydenin regionda sülhün təmin edilməsi istiqamətində dövlətimizin səylərini dəstəklədiyini ifadə edən məktubu bir daha beynəlxalq aləmin də Qafqazda davamlı sülhdə maraqlı olduğunu göstərir:

“Artıq dünya ölkələri də bilir ki, regionun firavan və dinc gələcəyi naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çağırışlar olunmalıdır. Məktubda qeyd olunan məsələlər dövlətimizin davamlı sülhün bərqərar olunması istiqamətində həyata keçirdiyi siyasi kursla səsləşir. ABŞ Prezidenti məktubunda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasəti və islahatları dəstəklədiyini vurğulayıb. Demək olar ki, hazırda ABŞ-Azərbaycan əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib, dostluq və tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycanla ABŞ arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi gözləniləndir. ABŞ Administrasiyası aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz - Xəzər dənizi regionunda Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan rəhbərliyi ilə həyata keçirilən bütün enerji layihələri enerji təhlükəsizliyini, enerji mənbələrinin şaxələndirilməsini və bütün iştirakçı tərəflərə fayda verilməsini təmin edir”.

Deputat vurğulayıb ki, bu gün nəinki ABŞ, dünyanın əksər ölkələri Azərbaycanı güclü, dinamik inkişaf edən, terrorizmə qarşı qlobal mübarizəyə qoşulan, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən ölkə kimi qiymətləndirir:

“Azərbaycan daima beynəlxalq antiterror əməliyyatlarında fəal iştirak edib. Hərbçilərimiz müxtəlif ölkələrdə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm işlər görüblər. Dövlətimiz bu gün də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına yardımını əsirgəmir. Buna görə də ABŞ Prezidenti Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və göndərdiyi humanitar yardımları yüksək qiymətləndirir. Beləliklə, ABŞ Prezidenti Azərbaycan Prezidentinin qətiyyətli siyasi kursunu təqdir edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR