Deputat: Almaniya Cənubi Qafqazda Azərbaycanı əsas tərəfdaş kimi görür

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 15 mart 2023 08:12 (UTC +04:00)

“Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri tariximizə qızıl hərflərlə yazıldı. Məhz bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Torpaqlarımızın işğalına son qoyuldu. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatına cavab olaraq başlayan və hər günü Azərbaycan Ordusunun bir uğuru ilə tarixə yazılan Vətən müharibəsi noyabrın 10-da Ermənistanın ölkəmiz qarşısında diz çökməsi ilə başa çatdı. Bu qələbə nəticəsində Azərbaycan həm də yeni reallıqlar yaratdı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, həm Ermənistan, həm də onun xarici havadarları gec-tez bu reallığı qəbul edəcəklər: “Çünki onların başqa yolu yoxdur. Bu gün regionda əbədi sülhün, inkişafın olmasında maraqlı olan beynəlxalq qurumlar, o cümlədən ölkələr bu reallıqlar fonunda addımlar atır, Ermənistanla Azərbaycan arasında əbədi sülhün əldə edilməsi üçün çalışırlar. Məlum olduğu kimi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bu istiqamətdə mühüm addımlar atıb. Məhz onun vasitəçiliyi ilə başlamış Brüssel prosesi çərçivəsində sülh sazişinin imzalanması istiqamətində müəyyən işlər görülüb”.

Deputat qeyd edib ki, artıq Almaniya da bu prosesi dəstəkləyir: “Biz Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı da bunu müşahidə etdik. Almaniya Prezidenti Ştaynmayerlə keçirilmiş görüşdə bu məsələ bir daha vurğulandı. Bu isə ondan xəbər verir ki, Avropanın və dünyanın aparıcı ölkələrindən biri kimi Almaniya özünün Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini yenidən nəzərdən keçirir. Rəsmi Berlin burada Azərbaycanı ciddi, vacib tərəfdaş qismində qiymətləndirir”.

Vüqar İskəndərovun sözlərinə görə, bu müşahidə edilənlər bir çox məqama görə müsbət nəticələr vəd edir: “Ən əsası isə odur ki, hazırkı dövrə kimi Almaniya Cənubi Qafqaz regionunda fəal olmayıb və bu regionla bağlı siyasətini Rusiyanın üzərindən həyata keçirib. Hazırda Almaniya regionla bağlı siyasətini genişləndirmək əzmini nümayiş etdirir, burada da Azərbaycanı əsas tərəfdaş kimi görür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR