Deputat: Antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi

Deputat: Antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi
# 22 sentyabr 2023 18:33 (UTC +04:00)

Rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Deputat deyib ki, cəmi 24 saat ərzində qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu: “Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı fikirlər səsləndirdi. Bu, hər birimizdə böyük qürur hissi doğurur”.

Fatma Yıldırım vurğulayıb ki, şanlı ordumuzun 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha ordumuzun gücünün göstəricisidir: “Antiterror tədbirləri zamanı da Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi”.

Deputat qeyd edib ki, Ermənistan 3 ilə yaxın müddətdə üçtərəfli bəyanatın bir sıra müddəalarını yerinə yetirməyib: “Bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin indiyə qədər bu bənd yerinə yetirilməmişdi və bu qüvvələr davamlı olaraq hərbi təxribatlar törədirdi. Ona görə də ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdid yaranırdı. Nəhayət, ordumuz antiterror tədbirləri həyata keçirərək 4-cü bəndi yerinə yetirmiş oldu. Bu, dövlətimizin BMT-nin Nizamnaməsinə əsaslanan müstəsna hüququdur. Ümumiyyətlə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti qarşıya qoyduğu hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətidir. Otuz illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti olması, tezliklə münaqişənin həll edilərək öz doğma yurd-yuvalarına qayıdacaqları ilə bağlı böyük inamla söylədiyi fikirlər, bu istiqamətdə atılan addımlar xalqımızın gələcəyə əminliklə baxmasını şərtləndirdi”.

Fatma Yıldırım qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir: “Prezidentin xalqa müraciətində dediyi “İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!” gələcək uğurlarımızı və hədəflərimizi də şərtləndirir. Prezident İlham Əliyev xalqa müraciətində Ermənistanın havadarlarına, regionumuzda münaqişələrin mövcudluğuna maraqlı olan xarici qüvvələrə də ciddi mesajlar verdi. Azərbaycan Prezidenti müraciətində bir daha bəyan etdi ki, biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Regionumuz sülh və əməkdaşlıq məkanına çevrilir. Azərbaycanın mövqeyi bundan ibarətdir!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR