Deputat: Azərbaycan Avropa üçün vacib tərəfdaşa çevrilib

Müşfiq Cəfərov, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərov, Milli Məclisin deputatı

# 03 fevral 2023 17:30 (UTC +04:00)

“Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqların inkişafında çox mühüm rol oynayır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov deyib ki, ilk öncə tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxardı: “Bu gün isə respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq çərçivəsində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaq”.

Deputat qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu hər kəsə məlumdur: “Ölkə başçısının strateji diplomatiyasının nəticəsidir ki, indi biz enerji strategiyamızı uğurla həyata keçirir, növbəti yeni layihələr üzərində işləyirik. Bu gün Bakı nəinki Azərbaycan, hətta Avropa üçün də çox vacib bir tədbirə - Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində ilk Yaşıl Enerji Məşvərət Şurasına ev sahibliyi edir. Bu əməkdaşlıq layihələrinin gerçəkləşməsi layihədə iştirak edən ölkələrin iqtisadi imkanlarının daha da artmasına gətirib çıxaracaq. Tərəfdaş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və sosial tələbatları ödəməyə imkan yaradır. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir. Biz indi öz enerji və kommunikasiya gücümüzü nümayiş etdirmirik, biz daha bu imkanları necə genişləndirə biləcəyimizi müzakirə edirik”.

Müşfiq Cəfərov vurğulayıb ki, Azərbaycan nəinki özü, Avropa üçün vacib tərəfdaşa çevrilib, bir çox ölkələri də bu səmərəli əməkdaşlığa cəlb edib: “İndi Azərbaycanın iştirakı və səyi ilə yeni-yeni əməkdaşlıq formatları yaranır. Prezident İlham Əliyev Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsi üçün yeni və dayanıqlı imkanlar yaradıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR