Deputat: Azərbaycan türk dövlətlərinin inteqrasiyasının ən fəal təşəbbüskarlarındandır

Müşfiq Cəfərov, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərov, Milli Məclisin deputatı

# 11 noyabr 2022 21:16 (UTC +04:00)

“Dövlətimizin xarici siyasətində mühüm istiqamətlərdən biri də ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət olub”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, bu gün Azərbaycan təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətləri gücləndirmək xəttinə üstünlük verir: Biz türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə, iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındanıq. Son illər regionda və dünyada cərəyan edən siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir”.

Müşfiq Cəfərov qeyd edib ki, türk dövlətlərinin birliyini əks etdirən Türk Dövlətləri Təşkilatına qarşı süni şəkildə mənfi rəy formalaşdırmaq cəhdləri olur: 2009-cu ildə Naxçıvanda keçirilmiş türk dövlətlərinin IX zirvə görüşündə ölkə başçısı İlham Əliyev bu barədə danışmışdı. Həmin görüş Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdı. Faydalı müzakirələrlə tarixə düşən zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin yaradılmasının vacibliyi önə çəkilmişdi”.

Deputat Prezident İlham Əliyevin son zamanlar xüsusi olaraq qeyd etdiyi məsələlərdən birinin məhz türk dövlətlərinin bilərəkdən bir-birindən uzaq salınması olduğunu xatırladıb: “Ölkə başçısı Zəngəzur dəhlizi barədə danışarkən də qeyd edib ki, vaxtilə Azərbaycanın tarixi, əzəli torpağı Zəngəzur bölgəsini Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük Türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni Türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılıb. Bu, Türk dünyasının birləşməsindən və inkişafından yaranan narahatlığın təzahürüdür. Lakin yenə də bu niyyətlərinə nail ola bilmədilər. Bu gün Türk dünyasının liderləri bir arada birgə mövqe nümayiş etdirmək barədə danışıb razılıq əldə edirsə, deməli, heç bir qüvvə Türk dünyasını parçalamaq istəyinə nail ola bilməyib”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Səmərqənd Zirvə görüşündə çıxışında türk dövlətləri sərhədlərindən kənar yaşayan soydaşlarımızın problemlərini təşkilatın gündəliyinə gətirilməsinin vacibliyini vurğulayıb: Bu gün müasir Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin hüquq və azadlıqları təmin olunmur. İnanıram ki, Türk Dövlətləri Təşkilatı bu məsələdə də vahid mövqe nümayiş etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR