Deputat: “Azərbaycanın xarici siyasəti uğurlarla yadda qalıb”

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 18 iyul 2022 11:45 (UTC +04:00)

“Ölkəmiz bu ilin birinci yarısını uğurla başa vurub. 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu dövrdə əldə olunan nəticələri müsbət qiymətləndirdi. Açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha sübut edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, müşavirədə ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş təhlil edilib: “İlin birinci yarısı ümumi daxili məhsul istehsalının həcmi artıb. Bu dövrdə qeyri-neft iqtisadiyyatının 10 faizə yaxın artması da xüsusi qeyd olunmalıdır. Qeyri-neft sektorunun inkişafı da ciddi şəkildə nəzərə çarpır və bu sahədə büdcə daxilolmaları yüksəlir”.

Fatma Yıldırım bütün bunlara paralel olaraq müşavirədə ölkəmizin xarici siyasəti və beynəlxalq əməkdaşlıq məsələlərinin də xüsusi diqqət mərkəzində olduğunu söyləyib: “Prezident ölkəmizin bu sahədə uğurlarını xüsusi vurğuladı. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi uğurlu fəaliyyəti, təşkilatın Parlament Şəbəkəsinin yaradılmasının önəmi qeyd edildi. Bundan başqa, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyanın 80-dən çox ölkəsinə yardım göstərib. Eyni zamanda, türk dövlətləri, qonşu ölkələrlə əlaqələrin daha da gücləndirilməsi diqqət mərkəzində olub. Həmçinin, Avropa İttifaqı ilə əməkdaşlığın önəmi vurğulanıb. Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəallığı, region ölkələri ilə yaxın qonşuluq münasibətləri, dünyanın aparıcı ölkələri və güc mərkəzləri ilə qarşılıqlı səmərəli və bərabərhüquqlu əməkdaşlığı göz önündədir. Ümumiyyətlə, bu ilin birinci yarısında da Azərbaycanın xarici siyasəti uğurlarla yadda qalıb”.

Deputatın sözlərinə görə, müşavirədə dövlətimizin başçısı regionda yeni reallıqlar fonunda baş verən proseslərə münasibət bildirib, Ermənistanın 10 noyabr razılaşmalarına əməl etmədiyini deyib. Belə ki, 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır: “Amma Ermənistan bu razılaşmaya da əməl etmir. Halbuki, Azərbaycan Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ermənistanın da borcudur ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”.

Fatma Yıldırım qeyd edib ki, erməni tərəfi son vaxtlar Qarabağın statusu haqqında da tez-tez fikirlər səsləndirirlər. Halbuki 10 noyabr razılaşmalarında statusla bağlı heç bir müddət yoxdur və Prezident İlham Əliyev statusun ünvanını dəqiq göstərib: “Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalı, sülhə gəlmək üçün pozitiv addımlar atmalıdır. Əks halda, onlar dəmir yumruğu yenə də başlarının üzərində görəcəklər".

Deputat əhalinin sosial müdafiəsi haqqında da fikirlərini bildirib və deyib ki, dövlətimizin siyasətində bu amil başlıca yer tutur, o cümlədən qazilər, şəhid ailələri qayğı ilə əhatə olunublar: “Hazırda dövlətimiz Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində geniş miqyaslı işlər görür. Bu ərazilərin bərpası ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Bütövlükdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan gələcəkdə daha böyük nailiyyətlərə imza atacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR