Deputat: “Beynəlxalq birlik Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməkdədir”

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 14 yanvar 2022 09:30 (UTC +04:00)

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

F. Yıldırım bildirib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın dayanıqlı inkişafı təmin edilib: “Dövlətimizin başçısının son illər ərzində apardığı islahatlar ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təkan verib. Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi də bir daha ötən ildə Azərbaycanın sosial, iqtisadi, siyasi, diplomatik və hərbi sahədə qazandığı uğurlara və onların fonunda qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir baxış kimi qiymətləndirilməlidir. Müsahibədə ölkəmizdə və regionda baş verən proseslər, Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlər, Azərbaycan-Ermənistan münasibətləri, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər məsələlərə dair suallar ətraflı şəkildə cavablandırılıb”.

Deputat Azərbaycanda iqtisadi və sosial siyasətin biri-birini tamamladığını söyləyib: “İqtisadi islahatların davamlılığı ölkənin dayanıqlı inkişafının əsasıdır. Dövlətin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır. Müharibədən yeni çıxan, eyni zamanda iki ildən artıqdır ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri həyata keçirən ölkənin əldə etdiyi nəticələr göz önündədir. Ötən il işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri ilə yanaşı digər regionların da sosial-iqtisadi inkişafı diqqətdən kənarda qalmayıb. Əsas məqsəd hər bir bölgənin malik olduğu potensial imkanlardan maksimum istifadə edərək qeyri-neft sektorunun inkişafını sürətləndirmək, bununla da Azərbaycanın hərtərəfli inkişafını təmin etməkdir”.

F. Yıldırım Azərbaycanın BMT Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində regionda yeni reallıq yaratdığını vurğulayıb: “Hamı bu reallıqla hesablaşmalıdır. Biz görürük ki, beynəlxalq birlik artıq Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaqda və qəbul etməkdədir. Bu gün BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Bu aspektdə Prezident ATƏT-in Minsk qrupunun gələcəyi ilə bağlı da fikirlərini bölüşüb. Dövlət başçısı deyib ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub, bu yeni reallığı qəbul etməlidirlər. Həmsədrlər bundan sonra nə ilə məşğul olmalarını özləri fikirləşməlidirlər. Bütövlükdə isə Azərbaycan beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir”.

Hazırda Ermənistanda revanşist meyllər hələ də davam etdiyini deyən deputat qeyd edib ki, bu meyllər təkcə keçmiş hakimiyyət təmsilçiləri tərəfindən deyil, eyni zamanda, indiki iqtidar nümayəndələrinin timsalında da özünü büruzə verir: “Çünki 44 günlük Vətən müharibəsindən sonrakı dövr ərzində biz dövlət sərhədində ermənilərin hərbi təxribatlar törətdiyinin şahidi oluruq. Məlumdur ki, Ermənistan hakimiyyəti və cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Bu məğlubiyyət onlara çox güclü psixoloji zərbə vurub, onların ideoloji əsasları darmadağın edilib, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Bu səbəbdən də revanşist meyllər bütövlükdə Ermənistan cəmiyyətində mövcuddur. Amma bütün bunlara son verilməlidir. Əks halda, Kəlbəcərdə son hərbi təxribat zamanı olduğu kimi yenə dəmir yumruğu başlarının üzərində görəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR