Deputat: “Blinken Azərbaycanın təşəbbüslərinə açıq dəstək, erməni revanşistlərə mesaj verib”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 12 may 2022 10:56 (UTC +04:00)

“ABŞ dövlət katibi Antoni Blinkenin mayın 11-də Azərbaycan Prezidenti İlham Əliyevə zəngi, müzakirə olunan məsələlər Vaşinqtonun dövlət başçımıza xüsusi ehtiramla yanaşdığını, Azərbaycana xüsusi önəm verdiyini bir daha təsdiqləyir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı bildirib.

Məlahət İbrahimqızı deyib ki, telefon danışığı əsnasında ABŞ dövlət katibi Antoni Blinken ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O, həmçinin bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli müzakirələrin aparıldığını qeyd edib. ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Antoni Blinken həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb: “Böyük güclərin, xüsusən də ABŞ-ın əsas diqqətinin Rusiya-Ukrayna müharibəsinə yönəldiyi bir dövrdə Antoni Blinken Azərbaycan Prezidentinə zəng açıb, Ulu öndər Heydər Əliyevə ehtiramını bildirib, bölgədə baş verən proseslərlə bağlı müzakirə aparıb, Vaşinqtonin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, iki ölkə arasında arasında sülh sazişinin imzalanması prosesinə dəstəyini ifadə edib. Sülh sazişi, delimitasiya və demarkasiya prosesinə dəstək həm də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstəyinin ifadə olunmasıdır. Beləliklə, ABŞ Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər nəticəsində yaranmış reallığı, regionda sülh, inkişaf və rifah üçün məhz Azərbaycanla müzakirələrin aparılması və Azərbaycanın maraqlarının nəzərə alınmasının vacibliyini qəbul edir. Bütün bunlar isə Prezident İlham Əliyevin diplomatiya meydanında qazandığı zəfərdir. Onu da qeyd edim ki, telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib. Prezident İlham Əliyev həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib. Eyni zamanda, tərəflər Ermənistan ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar. Söhbət əsnasında ölkələrimiz arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib. Beləliklə, Azərbaycan ABŞ-la münasibətlərdə regionun lideri kimi mövqeyini ortaya qoyur”.

Deputat qeyd edib ki, ABŞ dövlət katibi faktiki olaraq Azərbaycanın təşəbbüslərinə açıq dəstək verib. Başqa sözlə, Antoni Blinkenin ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulaması, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu bildirməsi Ermənistan daxilində və xaricindəki revanşistlərə, eləcə də regionda təxribatlara əl atmaq istəyən digər qüvvələrə açıq mesaj, Azərbaycana isə dəstəkdir: “Telefon danışığı zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olunub. Bu isə Rusiya-Ukrayna müharibəsi fonunda daha da aktuallaşan enerji təhlükəsizliyində Azərbaycanın qlobal səviyyədə rolunun ABŞ tərəfindən növbəti dəfə etiraf olunmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR