Deputat: Fransanın addımları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına zərbə vurur

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 01 dekabr 2022 21:21 (UTC +04:00)

“Fransa Milli Assambleyasının ölkəmizə qarşı qəbul etdiyi qətnamə tamamilə qərəzlidir. Bu sənəd Fransanın bacısı olan Ermənistanın maraqlarına xidmət edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Milli Assambleyanın qəbul etdiyi sənəd ikili standartların təzahürüdür. Bununla da Fransa beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizliyini davam etdirir. 30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin nümunəsidir: “Belə cinayətkar əməllər baxımından da Fransa ilə Ermənistanı bağlayan amillər var. Çünki başqasının torpaqlarını işğal etmək, günahsız insanları qətlə yetirmək kimi Fransanın tarixdən gələn böyük “təcrübəsi” var. Yəni Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib və açıq şəkildə qul ticarəti ilə məşğul olub. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir”.

Fatma Yıldırım qeyd edib ki, uzun illər ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransa 44 günlük Vətən müharibəsi dövründə ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb: “Fransa Prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi. Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Əslində Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin sülh yolu ilə həllinə çalışmadığı kimi bu qərəzli addımı ilə bütün dünyaya göstərdi ki, yaxşı ki, Azərbaycanın lideri İlham Əliyevin qətiyyətli iradəsi sayəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini özümüz icra etmişik. Əgər biz öz gücümüzə torpaqlarımızı işğaldan azad etməsəydik, Vətən müharibəsinə qədər vasitəçilik maskası taxan Fransa münaqişənin uzadılmasına, Ermənistanın xeyrinə həll olunmasına çalışacaqdı. Minsk Qrupunun bu hiyləsini görən, onun erməni təəssübkeşliyi nümayiş etdirməsindən səbri daşan Azərbaycan öz torpaqlarını öz gücünə azad etdi. Ona görə də bütün dünya Azərbaycanın öz torpaqlarını azad etməklə haqlı olduğunu gördü. Nə yaxşı ki, qətiyyətli liderimiz və rəşadətli ordumuz var. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi”.

Fatma Yıldırım vurğulayıb ki, döyüşlərin davam etdiyi müddətdə Fransanın Ermənistana dəstəyinin fiaskoya uğraması, göstərdiyi dəstəyin effektli olmamasının əsas səbəblərindən biri Azərbaycanın hərbi gücü və diplomatiyamızın uğurlarıdır: “Noyabrın 30-da Fransa Milli Assambleyasında qəbul edilən qətnamə ermənipərəst və anti-Azərbaycan mövqeyinin ifadəsidir. Bu qətnamənin qəbul olunması Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Sənədin Azərbaycana və beynəlxalq müstəvidə nüfuzuna heç bir təsiri olmayacaq”.

Deputat onu da qeyd edib ki, Azərbaycan Milli Məclisi atıq məsələyə öz münasibətini bildirib: “Milli Məclisin açıqlamasında vurğulandığı kimi, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və təcavüzkar separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR