Deputat: “Prezident bir daha dünya səviyyəli siyasətçi, əsl lider olduğunu nümayiş etdirdi”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 30 aprel 2022 18:21 (UTC +04:00)

“Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünya səviyyəli, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi, əsl lider olduğunu nümayiş etdirdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat deyib ki, Azərbaycanın müstəqil xarici siyasəti xalqın milli maraqlarına əsaslanır və maksimal nailiyyətlərin əldə olunmasına yönəlib: “Dövlət başçısı bu konfransda bir daha Azərbaycanın regionda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından yanaşdığını ortaya qoydu. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ölkələr arasında əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycanın strateji maraqlarına əsaslanır. Azərbaycanın bütün qonşularla yaxşı münasibətləri var. Eyni zamanda Azərbaycan Qafqazda yeni eranı - sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Ermənistan da artıq Azərbaycanın təşəbbüslərini, o cümlədən ölkəmizin irəli sürdüyü 5 təməl prinsipi qəbul edib. Həmin prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək. Çünki Ermənistanın işğal və onun legitimləşdirilməsi üzərində qurulmuş ideoloji təməlləri sarsılıb və hazırkı dövrün reallıqlarını nəzərə alan yeni hədəf müəyyən etməsi zəruridir. Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz, qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalı, Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Regionun həyatına inteqrasiya etməsi üçün əməkdaşlığı, konstruktivliyi, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasət yürüdülməsi Ermənistan üçün yeganə müsbət çıxış yoludur”.

M. İbrahimqızı Prezident İlham Əliyevin konfransda bir daha beynəlxalq təşkilatların, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibətinə diqqət çəkdiyini söyləyib. Bu isə ədalətsizlik və ikili standartlardır: “Azərbaycan belə ikili standartlarla isə şər zaman üzləşib. Məlumdur ki, Ermənistanın 30 illik işğalçılıq dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irs dağıdılıb. Dünyada mədəni irsin qorunub saxlanmasını öz fəaliyyətinin prioriteti elan etmiş YUNESCO isə buna laqeyd münasibət bəsləmiş və “siyasi məsələlərlə məşğul olmamaq” adı altında həmin ərazilərə missiya göndərməkdən imtina etmişdi. Torpaqlar işğaldan azad edildikdən sonra bu təşkilatın fəallaşması və “erməni tarixi irsinin” müdafiəsinə qalxması isə ikili standartların bariz nümunəsidir".

Onun sözlərinə görə, dövlət başçısı postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolunu isə yüksək qiymətləndirib: “ATƏT Minsk qrupunun həmsədrliyi disfunksional olduğu üçün Avropa İttifaqının normallaşma prosesində fəal rol oynaması təqdir edilməlidir. Prezident İlham Əliyevin konfransda Azərbaycanla Ermənistan arasında ictimai diplomatiyanın perspektivi, onun iki xalqın yaxınlaşması və Ermənistanda hökm sürən nifrət və revanşizm iddialarının qarşısının alınmasında rolu barədə mesajları da diqqət çəkdi. Avropa İttifaqı, ABŞ və Rusiya bu istiqamətdə real təşəbbüslərlə çıxış edə bilərlər. Çünki belə görüşlərin keçirilməsi, Azərbaycan və Ermənistanın bütün səviyyələrdə danışmağa başlaması zəruridir. Digər tərəfdən, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Azərbaycan dövləti onların bütün hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırdır. Azərbaycanın multikultural dəyərləri və tolerantlıq nümunəsi olması da göz önündədir. Son vaxtlar Qarabağdakı ermənilərdən Azərbaycana müsbət mesajların daxil olması da təsadüfi deyil. Ermənilərin sürətli iqtisadi inkişafın bir hissəsi olmaq, vahid Azərbaycan dövlətində təhlükəsiz, rahat yaşamaq perspektivi, bunun üçün separatçı tendensiyalardan və istəklərindən vaz keçilməsinin zəruriliyi artıq dərk olunmaqdadır. Bu proses isə regionun inkişafında maraqlı olan hər kəs tərəfindən dəstəklənməlidir”.

Deputat dövlət başçısının konfransda 10 ildən sonra Azərbaycan daha da güclü olacağını nəzərə çatdırdığını bildirib: “Əgər Ermənistan da sülh və rifah arzulayacaqsa, həmin vaxta kimi Ermənistanla olan anlaşılmazlıqlar və problemlər öz həllini tapacaq. Cənubi Qafqaz regionunda möhkəm inteqrasiya prosesi gedəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq olacaq. Azərbaycan regional layihələrin müəllifi olaraq Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rolunu oynayıb. Mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala malik ölkə, sərvət və sabitlik yaradıcısı kimi Azərbaycan bu prosesdə liderliyi öz üzərinə götürəcək. Beləliklə, bir çox məsələ Ermənistandakı gündəmdən, orada nə baş verəcəyindən, Ermənistan hökumətinin sülh gündəliyi ilə bağlı planlarından asılı olacaq”.

M. İbrahimqızı vurğulayıb ki, beynəlxalq konfransda Azərbaycan Prezidenti dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin və tanınmış ekspertlərin bütün suallarını tam və əhatəli cavablandırıb: “Bununla da Azərbaycan Prezidenti bir daha dünya səviyyəli, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi, əsl lider olduğunu nümayiş etdirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR