Deputat: "Prezident İlham Əliyevin ŞƏT sammitinə dəvət olunması ölkə başçısının nüfuzundan xəbər verir"

Musa Cəfərli

© APA | Musa Cəfərli

# 15 sentyabr 2022 22:07 (UTC +04:00)

“Bu gün Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü keçirilib. 2001-ci ildə təsis olunan təşkilat dünya iqtisadiyyatında özünəməxsus aparıcı rola malikdir. Təşkilatın üzv ölkələri dünya bazarının dinamikasının əsasıdır desək yanılmarıq. Görüşə prezident İlham Əliyevin də dəvət olunması ölkə başçısının dünya liderləri arasındakı nüfuzundan xəbər verir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib. Deputat bildirib ki, məhz bu hörmət və ehtiramın nəticəsidir ki, dövlətimiz əksər beynəlxalq görüşlərdə təmsil olunur və qarşılıqlı əməkdaşlığa cəlb edilir: “Hazırda aparıcı dövlətlərlə yaranmış bu əlaqələr uzun və çətin bir dövrün məhsuludur. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. 2015-ci ildən isə dövlətimiz təşkilatın 9 dialoq tərəfdaşından biridir. Təşkilatın prioritet sahələri terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı məsələləridir. Bu da uzun illər erməni terrorundan əziyyət çəkən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Artıq Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alır və ölkə başçısı tərəfindən layiqincə də təmsil olunur. Münasibətlərin belə inkişafı Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan xəbər verir. Onu da qeyd edim ki, ŞƏT tərəfindən qəbul olunmuş sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə kimi tədbirlər öz əksini tapıb. Xüsusilə, Ufa bəyannaməsində üzv ölkələr qarşılıqlı əsasda suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamağa dair BMT Nizamnaməsinin prinsipləri və beynəlxalq hüququn normalarına sadiqlik vurğulanıb”.

Deputat qeyd edib ki, sammitdə qardaş ölkə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla prezident İlham Əliyevin görüşü baş tutub: “Görüş zamanı Türkiyə rəhbəri bir daha hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Bu dəstək Azərbaycan xalqı və dövləti tərəfindən daim yüksək qiymətləndirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR