Deputat: Seçkilərdən sonra Qazaxıstanın daha da güclənəcəyi gözlənilir

Deputat: Seçkilərdən sonra Qazaxıstanın daha da güclənəcəyi gözlənilir
# 22 noyabr 2022 16:59 (UTC +04:00)

Azərbaycan və Qazaxıstanın güclənməsi bizim qarşılıqlı əlaqələrimizin də möhkəmlənməsinə müsbət təsir göstərir.

APA xəbər verir ki, bunu Qazaxıstan parlamentinin deputatı Aydos Sarım Qazaxıstanın ölkəmizdəki səfirliyində KİV nümayəndələri ilə görüşdə deyib.

Deputat paytaxt Bakının inkişaf etdiyini vurğulayıb: “Mən ilk dəfədir Bakıdayam, lakin sizin şəhərinizin gözəlliyi məni valeh etdi və mən bundan sonra tez-tez Bakıya gələcəyəm. Şəhərin dənizin kənarında olması, tarixi abidələriniz, qədim İçəri şəhər Bakıya xüsusi ecazkarlıq verir”.

Aydos Sarım Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri barədə də danışıb: “Noyabrın 20-si seçkilər baş tutdu və deyə bilərəm ki, iyun ayında keçirilmiş tarixi referendumun məntiqi davamı oldu. Ölkənin demokratikləşdirilməsi, siyasi islahatların həyata keçirilməsi üçün ilk, həmçinin vacib addım atıldı və biz prezidentimizi seçdik. Ölkənin inkişaf etməsi, dövlət idarəetməsinə yeni insanların gəlməsi üçün gələn ilin yazında biz parlamentə və yerli idarəetmə orqanlarına seçkilər keçirəcəyik.

Konstitusiyada edilmiş dəyişikliklərə əsasən, ölkədə seçki prosesi və siyasi partiyaların fəaliyyəti üçün bir sıra qadağalar aradan qaldırılıb”.

Onun sözlərinə görə, Qazaxıstanda xalq milli gəlirlərin ədalətli şəkildə bölünməsini tələb edir.

“Prezident seçkilərində namizədliyini dəstəklədiyimiz Kasım-Jomart Tokayev seçkiqabağı platformasında çox mühüm bir ideya irəli sürüb. Bu, Qazaxıstan Milli Fondunun investisiya gəlirlərinin bölünməsi ilə bağlıdır. 2024-cü ilin 1 yanvarından etibarən hər bir yetkinlik yaşına çatmamış Qazaxıstan vətəndaşı (uşaqlar) üçün bank hesabı açılacaq və bu hesaba neft, qaz, qiymətli metallar və s. sərvətlərin satışından əldə olunan gəlirlərdən vəsaitlər daxil olacaq.

Həmçinin, bu hesablardakı vəsaitlərin inflyasiyanın təsiri altında dəyərini itirməməsi üçün Qazaxıstan Milli Bankı ilə birgə dövlət layihəsi hazırlanır”, – Aydos Sarım əlavə edib.

Azərbaycan-Qazaxıstan münasibətlərinə toxunan deputat diqqətə çatdırıb ki, növbədənkənar prezident seçkilərdən sonra Qazaxıstanın daha da güclənəcəyi gözlənilir: “Heç şübhəsiz ki, ölkələrimizin güclənməsi bizim qarşılıqlı əlaqələrimizin də güclənməsinə müsbət təsir edir. Həm Azərbaycana, həm də Qazaxıstana dinc şəkildə 5-10 il ərzində inkişaf etmək lazımdır ki, qarşımıza qoyduğumuz hədəflərə çata bilək.

Azərbaycan üçün də hazırda heç də asan dövr deyil, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün işlər görülür, Qarabağ işğaldan azad olunandan sonra yenidən qurulur, xeyli sərmayə yatırılır. Ümid edirəm ki, biz birgə səylər nəticəsində qarşımızda dayanan hədəflərə tez bir zamanda çata biləcəyik.

Qazaxıstan bu gün Qarabağda uşaq elmi-mədəni mərkəz tikib istifadəyə vermək öhdəliyi götürdü. Bu mərkəz 600 uşaq üçün nəzərdə tutulub. Həm Qazaxıstanda Azərbaycan şirkətləri, həm də Azərbaycanda Qazaxıstan şirkətləri fəaliyyət göstərir. Bir daha demək istəyirəm ki, biz nə qədər güclü və həmrəy olsaq, bir o qədər tez zamanda məqsədlərimizə çata biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR