Deputat: Sülhməramlılar bölgədə gərginliyin artmasına zəmin yaratmaqdadır

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 25 mart 2023 21:21 (UTC +04:00)

Son dövrlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimallarının artması ilə bölgədə sülh və sabitlikdə marağı olmayan güclər aktivləşməyə başlayıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, Fransa və İrandan, o cümlədən Avropa Parlamentindən gələn təhrikedici dəstək fonunda erməni tərəfinin daha çox hərbi ritorikaya üz tutması, revanşist mövqeni sərtləşdirməsi müşahidə olunur: “Təəssüflər olsun ki, proseslərin bu cür arzuolunmaz gedişatına Rusiya sülhməramlıları da öz töhfələrini verməkdədir. Kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində sülhməramlıların birbaşa nəzarəti altında Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməyə başlanması, habelə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə qeyri-qanuni erməni silahlı birləşmələrinin sülhməramlıların himayəsində döyüş mövqelərinə hərbi daşımaları davam etdirməsi məhz sülhməramlı missiyanın proteksiyasında reallaşan açıq təxribatdır və bölgədə gərginliyi artıraraq yeni hərbi qarşıdurmaya rəvac verir. Nəticədə martın əvvəllərində Xankəndi-Xəlfəli-Turşsu yolunda qanunsuz hərbi daşınmalar həyata keçirən erməni silahlıları ilə atışma nəticəsində iki şəhidimizin olması, 4 gün öncə Zəngilanda hərbçimizin yaralanması bölgədə situasiyanın kritikləşməsindən xəbər verir. Üçtərəfli bəyanatla bu kimi fəaliyyətlərin qarşısını almalı olan sülhməramlılar isə əksinə alternativ yollarla Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat və canlı qüvvə daşınması və xüsusi texnika cəlb edilməklə yeni yolun tikintisinə rəvac verərək qeyri-adekvat davranışlar nümayiş etdirir. Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda beynəlxalq hüquqa zidd fəaliyyətlər həyata keçirməsi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda da ifadə olunduğu kimi, sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmasıdır. Sülhməramlı komandanlığının və Rusiya Müdafiə Nazirliyinin bu davranışı təəssüf doğurur və ilk növbədə Rusiya dövlətinin özünün imzasına hörmətsizlikdir. Aydındır ki, Rusiya sülhməramlılarına Azərbaycan cəmiyyətində yanaşma birmənalı deyil. Bu cür qeyri-adekvat davranışlar isə sülhməramlıların əsl “məramı” ilə bağlı haqlı suallar ortaya çıxarır. Üstəlik nəzərə alaq ki, sülhməramlıların bölgəyə gəlişinin hüquqi bazisi olan üçtərəfli bəyanatın 4-cü maddəsinin özünün legitimliyi barədə mübahisəli məqamlar var. Belə ki, sənədin 4-cü maddəsində qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Deputat qeyd edib ki, Bəyanatın imzalanmasından təqribən iki il yarım keçməsinə baxmayaraq üçtərəfli razılaşmanın bu bəndinin şərtləri hələ də icra olunmayıb: “Digər tərəfdən, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində hələ də Ermənistanın fərari ordusunun hissələri, habelə qeyri-qanuni erməni silahlı birləşmələri mövcuddur və faktiki olaraq yeni təcavüzkar hərbi aktlara hazırlaşırlar. Üçtərəfli Bəyanatın qarantı olan Rusiyanın sülhməramlı kontingenti isə bu təhlükəli tendensiyaya göz yummaqla, habelə ermənilərə açıq dəstək verməklə bölgədə gərginliyin artmasına zəmin yaratmaqdadır. Çox təəssüflə qeyd etməliyik ki, bu gün Rusiya sülhməramlıları missiyası bu tip davranışlarla özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparmaqdadır. Lakin hər kəs anlamalıdır ki, siyasi və iqtisadi cəhətdən tam müstəqil olan Azərbaycan 90-cı illərin Azərbaycanı deyil və 44 günlük savaş və sonrakı dövr bunun əyani sübutudur. Əlbəttə, biz bütün dünya dövlətləri ilə, o cümlədən Rusiya Federasiyası ilə bərabərhüquqlu tərəfdaşıq və bu ölkə ilə münasibətlərimizin inkişafı və dərinləşməsində maraqlıyıq. Həmçinin istər Vətən müharibəsi dövründə, istərsə də sonrakı mərhələdə Rusiya Prezidentinin tutduğu mövqe, Azərbaycanın ərazi bütövlüyünə verdiyi rəsmi dəstəyi də çox yüksək qiymətləndiririk. Lakin sülhməramlıların Rusiya ilə Azərbaycan arasında mövcud yüksəksəviyyəli münasibətlərin ruhuna daban-dabana zidd olan davranışlarına dözümlü yanaşmaq kimi bir öhdəliyimiz yoxdur. Azərbaycan üçün ilk növbədə özünün milli maraqları önəmlidir və biz öz suveren ərazilərimizə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummayacağıq. Əgər sülhməramlılar öz missiyalarının öhdəsindən gəlmirsə, yaxud daha dəqiq desək, qanunsuz prosesin bir hissəsinə çevrilirsə, Azərbaycan özü bu problemi həll etməyə məcburdur. İndiki halda bölgədə sülh perspektivlərinə zərbə vuran bu cür təxribatlara birdəfəlik son qoymaq üçün isə ilkin çıxış yolu Azərbaycan ordusu tərəfindən alternativ yolları nəzarətə götürmək və Laçın-Xankəndi yolunun Ermənistanla şərti sərhəd hissəsində buraxılış məntəqələri quraşdırmaqdır. Bu bizim beynəlxalq hüquqla tanınan haqqımızdır və bu prosesdə istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR