Əfqan Salmanov: “Evləri dağılmayan azərbaycanlılar Xarkova qayıda bilərlər” - MÜSAHİBƏ

Əfqan Salmanov, Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu

© APA | Əfqan Salmanov, Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu

# 24 may 2022 13:29 (UTC +04:00)

Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanovun APA-ya müsahibəsi

- Əfqan müəllim, hazırda Xarkovda azərbaycanlılarla bağlı ümumi vəziyyət necədir?

- Müharibə zamanı Xarkov vilayətinin, bizim Fəxri konsulluğun əhatə dairəsinə daxil olan vilayətləri tərk etməyən azərbaycanlılar bu gün də bir-birinə dəstək olur. Eyni zamanda, onlar Ukrayna vətəndaşlarına da dəstək göstərir. Xarkovda restoran biznesi ilə məşğul olan, mağazası olan azərbaycanlılar camaata kömək edir, onları çörəklə təmin edirlər. Diasporumuz da fəaliyyətdədir. Hələ müharibə şəraitində olduğumuza görə, bir yerə yığılmağımız qadağandır, həm də məqsədəuyğun deyil.

- Xarkova qayıdan azərbaycanlılar var?

- Bir neçə gün öncə Xarkov şəhərinin meri İqor Trixovla görüşümüz oldu. Görüş zamanı şəhər administrasiyasının birinci müavini də görüşdə iştirak edirdi. Onların verdiyi statistik məlumata görə, Xarkov şəhərinə gündəlik 2000-dən 5000-ə qədər insan geri qayıtmağa başlayıb. Onların içində bizim həmyerlilərimiz də var. Onların sayını hələ ki dəqiq demək çox çətindir. Ona görə də bizdə hələ heç bir statistik məlumat yoxdur.

- Qayıtmaq üçün şərtlər necədir? Məsələn, kimlərin Xarkova qayıtmasına icazə verilmir?

- Görüş zamanı mer bildirdi ki, evləri dağılan, mənzillərini itirən şəxslərin qayıtmasını məsləhət görmürlər. Çünki bu gün ilk növbədə metroda yerləşən evləri dağılan adamları yerləşdirməyə çalışırlar. Qayıtmağı məsləhət gördükləri adamlar evləri, mənzilləri dağılmayanlardır. Amma evləri dağılanların bir az gözləməsini tövsiyə edirlər.

- Ukraynada müvəqqəti yaşamaq icazəsi olan azərbaycanlıların qayıtmasına Ukrayna dövlətinin icazə verməməsi ilə bağlı məlumatlar da var. Bildirilir ki, yalnız Ukrayna vətəndaşı olan azərbaycanlılar, yaxud Ukraynada ev sahibi olan, Ukrayna vətəndaşı ilə evli olan azərbaycanlıların qayıtmasına icazə verilir. Bunlar nə dərəcədə həqiqəti əks etdirir?

- Bu barədə Ukrayna Miqrasiya Xidməti ətraflı məlumat verə bilər. Amma Ukrayna vətəndaşı olmayan azərbaycanlılar çox asan yolla ölkədən çıxa bilirdilər. Amma onların geri qayıtması ilə bağlı problem olması barədə bizə müraciət daxil olmayıb. Digər tərəfdən, indiyə qədər müvəqqəti yaşamaq icazəsi olan azərbaycanlıların Ukraynaya qayıtmasına icazə verilməməsi, buna maneə yaradılması ilə bağlı hər hansı rəsmi açıqlamaya rast gəlməmişəm. Amma Fəxri konsulluq bu məsələ ilə maraqlanacaq. Hesab edirəm ki, müvəqqəti yaşamaq icazəsi olan azərbaycanlıların da Ukraynaya qayıtması mümkün olmalıdır.

- Xarkovda müəssisələr yenidən fəaliyyətə başlayıbmı, iş yerləri açılırmı?

- Müəssisələrin çox hissəsi hələ işləmir. Çünki hələ kimsə tərəfindən stabilliyə tam qarantiya verilməsi mümkün deyil. Hələ bir neçə gün öncə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlamasında vətəndaşların geri qayıtmasını məsləhət görmədiyini demişdi. O bildirmişdi ki, müharibənin qaynar fazası qarşıdakı 2 ay ərzində də ola bilər.

- Ukrayna dövləti və Fəxri konsulluğun Xarkovda azərbaycanlıları problemlərinin həlli istiqamətində fəaliyyəti koordinasiya olunurmu?

- Hələ ki, fəaliyyətin koordinasiya olunduğunu deməzdim. Xarkovdan getmiş, o cümlədən Ukraynanın Lvov və digər təhlükəsiz şəhərlərində yerləşən azərbaycanlılar tərəfindən Fəxri Konsulluğun qaynar xəttinə zənglər gəlir. Bu zənglərin məqsədi qayıdıb-qayıtmayacaqlarını dəqiqləşdirmək üçündür. Biz sonuncu görüşə əsaslanıb onu deyə bilərik ki, mənzillərini itirməyən, evləri dağılmayan azərbaycanlılar artıq Xarkova, Ukraynaya qayıda bilərlər. Ancaq kimlər ki, mənzillərini itirib, onlar gözləsin. Onlar gəlib küçədə qala bilməzlər. Hələ ki, onları yerləşdirməyə şərait yoxdur. Mənzillərini itirən, evləri dağılan azərbaycanlılar da Fəxri konsulluğa müraciət edəndə, zəng açanda onlara bu tövsiyəni çatdırırıq.

Fürsətdən istifadə edib bir daha vətəndaşlara müraciət edirik ki, mənzillərini itirən, evləri dağılanlar hələlik müvəqqəti Ukraynaya qayıtmasınlar. Çünki öncə də qeyd etdiyim kimi, həm müharibə bitməyib, həm də bu gün həmin insanları haradasa yerləşdirmək problemdir.

- Bəs Ukraynanın müharibə gedən zonalarında yaşayan azərbaycanlılarla bağlı vəziyyət necədir? Xəsarət alanlar varmı?

- Döyüş gedən zonalarda azərbaycanlıların xəsarət alıb-almamasını biz diqqətdə saxlayırıq. Hələ azərbaycanlıların xəsarət alması barədə heç bir məlumatımız yoxdur. Son günlər bununla bağlı müraciət daxil olmayıb.

- Azərbaycan dövləti Ukraynadakı azərbaycanlıların problemlərin həllinə hansı formada dəstək verir?

- Bizim Fəxri konsulluğumuz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təlimatları əsasında öz fəaliyyətini həyata keçirir. Bütün görülən işləri biz XİN-lə həm razılaşdırırıq, həm də onlardan təlimatlar alırıq. Bu gün bizim Xarkovda fəaliyyətimizi bərpa etməyimizin də məqsədi Ukraynada qalan, müharibə, döyüşlər gedən ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarına yardımçı olmaqdır.

- Fəxri konsulluq Ukraynanın bölgələrindəki Azərbaycan diaspor təşkilatları ilə əlaqə saxlayırmı?

- Bu gün burada dövlət reyestrləri işləmir, statistik məlumatları ala bilmirik. Amma çalışırıq ki, diaspor rəhbərləri ilə əlaqədə olaq, həmyerlilərimizin çətinlikləri, yerləşməsi, problemləri barədə onlardan məlumatlar alaq. Diasporla bizim paralel işimiz hər zaman olub və bu gün də bu iş davam etdirilir. Bizim burada Azərbaycanın diaspor təşkilatlarının bir neçə qurumları var. Diaspor təşkilatlarının əksəriyyəti Ukrayna Azərbaycanlıları Radasında bir araya gəliblər və bu gün Fəxri konsulluğun Ukrayna Azərbaycanlıları Radası ilə sıx əlaqəsi var.

Müharibə şəraitində diaspor təşkilatlarından hansınınsa fəaliyyət göstərib-göstərmədiyini də demək çətindir. Kim qaldığı zonanı, qaldığı şəhəri özü üçün təhlükəli hesab edirsə, kimin azyaşlı övladı varsa, himayəsində yaşlı ana-atası varsa, onlar döyüş zonalarından uzaqda yerləşirlər. Yəqin ki, nisbi sakitlik yarandığına görə bir müddət sonra diaspor nümayəndələrinin işi ilə bağlı da ətraflı məlumat vermək olacaq.

- İmkanlı diaspor nümayəndələri azərbaycanlıların problemlərinin həllinə hansı formada dəstək verir? Ümumiyyətlə, azərbaycanlıların dolanışıq imkanları necə təmin edilir?

- Müharibə zamanı belə müraciətlər olurdu. Son günlər kiminsə çətin vəziyyətdə olması ilə bağlı bizə müraciət daxil olmayıb. Amma diaspor təşkilatlarının üzvləri hər zaman bir-birinə dəstək olublar. Bizim konsulluq da dəstək göstərir.

- Bəs Türkiyə vətəndaşları da Fəxri konsulluğa müraciət edirmi? Türkiyə və Azərbaycan vətəndaşlarının təxliyəsində birgə fəaliyyətiniz necə təşkil olunmuşdu? Hazırda geri dönüşlə bağlı bu istiqamətdə fəaliyyət koordinasiya olunurmu?

- Müharibənin başladığı gündən Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğu Azərbaycan Xarici işlər Nazirliyi ilə razılaşdıraraq təxliyə prosesini tam öz üzərinə götürmüşdü. Bununla əlaqədar bizim vilayətin qubernatoru, şəhərin meri və şəhərin Dəmiryolları İdarəsinin müdiri ilə görüşümüz olmuşdu. Bu görüşlərdən sonra bir neçə gün ərzində Azərbaycan vətəndaşları yola salındı. Müharibənin beşinci günündən sonra isə azərbaycanlılar hər hansı ödəniş edilmədən qatarlarla şəhərdən təxliyə edilmişdi. Bu müddət ərzində bizə Türkiyə vətəndaşları tərəfindən heç bir müraciət olunmamışdı. Əksinə, Türkiyə tərəfindən təşkil olunan avtobuslarla bizim Azərbaycan vətəndaşları da təxliyə olunmuşdu. Mən və 4 əməkdaşımız mart ayının 17-nə, yəni bizim konsulluq binası vurulana qədər həmyerlilərimizin təxliyəsi üçün sutkanın 24 saatı fəaliyyət göstərmişik. Biz təxliyə üçün əlimizdən gələni etmişik ki, maksimum şəkildə həmyerlilərimizə yardımçı olaq.

- Bəs hazırda Ukraynada qalan azərbaycanlılar arasında təxliyə olunmaq istəyən, ümumiyyətlə, Ukraynanı tərk etmək istəyənlər varmı? Bununla bağlı müraciətlər daxil olurmu?

- Bununla bağlı artıq çoxdandır ki, müraciətlər yoxdur. Artıq bu proses dayanıb. Müraciətlər sənədlərin düz olmaması, şəxsiyyət vəsiqəsinin itməsi ilə bağlıdır. Biz onları Kiyevdə yerləşən səfirliyimizə yönəldirik. Fəxri konsulluğun sənədlərin dəyişdirilməsi, yaxud da hansı sənəd verməsi səlahiyyəti yoxdur.

- Ukraynada təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti necə olacaq? Həmin ali təhsil müəssisələrinin fəaliyyətinin bərpası gözlənilirmi?

- Bu gün ümumiyyətlə, ali məktəblərin ənənəvi qaydada fəaliyyəti, Ukraynada növbəti tədris ili barədə məlumatlar yoxdur. Proses onu göstərir ki, müharibə hələ davam edir. Dərslər də hələ ki, onlayn rejimdə davam edir. Prosesin bundan sonra necə olacağı ilə bağlı yəqin ki, gələn ayın sonu məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR