Ekoloji yönümlü QHT-lər Rusiya sülhməramlılarının komandanına müraciət ünvanlayıb - FOTO

Ekoloji yönümlü QHT-lər Rusiya sülhməramlılarının komandanına müraciət ünvanlayıb  - FOTO
# 09 dekabr 2022 17:48 (UTC +04:00)

Azərbaycanda ekologiya sahəsində fəaliyyət göstərən QHT-lər Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkova müraciət hazırlayıb.

APA xəbər verir ki, müraciət bu gün Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə təqdim edilib.

Müraciətdə Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində ekoloji vəziyyətin gərginləşməsinin ekoloqları ciddi narahat etdiyi vurğulanıb.

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ildən çox işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycana qarşı ekoloji terror törədilib, bir çox faydalı qazıntı yataqları qanunsuz istismar edilib. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar halları təəssüf ki davam etməkdədir.

Faydalı qazıntı yataqlarının qanunsuz istismarı ekoloji vəziyyəti gərginləşdirməklə mülki əhaliyə, ətraf mühitə, biomüxtəlifliyə, yeraltı və yerüstü su resurslarına, eləcə də Azərbaycanın digər ərazilərindəki ekoloji mühitə mənfi təsir göstərir.

Azərbaycanın müstəqil ekoloqlarının birləşdiyi çoxsaylı QHT-lər olaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar hallarının və ekoloji vəziyyətin dəyərləndirilməsini vacib hesab edirik. Bu xüsusda bizim qeyd edilən ərazilərə səfər etməyimiz üçün təhlükəsizliyin təmin olunmasını və monitorinq keçirməyimiz üçün lazımi şərait yaradılmasını sizdən xahiş edirik”, - Volkova ünvanlanan müraciətdə deyilir.

Qeyd edək ki, dekabrın 3-ü və 7-i tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə Xocalıda görüş keçirib. Görüşdə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarı müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR