Əli Əsədov Slovakiya şirkətlərini Ələt azad iqtisadi zonasına dəvət edib

Əli Əsədovun Slovakiya Milli Şurasının sədri ilə görüşü

© APA | Əli Əsədovun Slovakiya Milli Şurasının sədri ilə görüşü

# 13 iyun 2022 17:54 (UTC +04:00)

Bu gün Baş nazir Əli Əsədov Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Slovakiya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Slovakiya Milli Şurasının sədrinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə olunub. Eyni zamanda Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərin, kənd və şəhərlərimizin bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən bəhs edilib.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb. Bu baxımdan Ələt azad iqtisadi zonasının önəmi qeyd edilib, Slovakiya şirkətlərinin xarici investorlar üçün burada yaradılmış əlverişli imkanlardan faydalana biləcəyi bildirilib.

Enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparılıb, Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirilib. Bu baxımdan Cənub Qaz Dəhlizinin önəmi xüsusi vurğulanıb.

Görüşdə həmçinin iki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR