Elin Süleymanov: “Zəngəzur dəhlizinin açılması Britaniyaya yalnız fayda gətirə bilər” - MÜSAHİBƏ

Elin Süleymanov

© APA | Elin Süleymanov

# 22 noyabr 2021 11:33 (UTC +04:00)

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşı heç şübhəsiz ki, Böyük Britaniya olub və iki ölkə arasında son 30 ilə yaxın müddətdə güclü əlaqələr qurulub. Britaniya ilə Azərbaycan arasında son günlər müxtəlif səviyyələrdə təmasların intensivliyi artıb ki, bu da hər iki dövlətin münasibətlərin gələcəyinə verdiyi əhəmiyyətin göstəricisidir.

Bu il noyabrın 9-13-də Britaniya Parlamentindən nümayəndə heyəti Azərbaycana səfər edərək ölkə Prezidenti, eləcə də digər rəsmilərlə görüşlər keçirib. Britaniyalı parlamentarilər Azərbaycana səfər çərçivəsində azad edilmiş Şuşa və Füzuli şəhərlərini də ziyarət ediblər. Qərb ölkələri arasından Şuşa şəhərinə ilk səfər edən parlamentarilərin məhz Britaniyadan olması və səfərin Zəfərin ildönümü və Bayraq gününə təsadüf edən zaman kəsiyində gerçəkləşməsi bu ölkə ilə münasibətlərin yaxın xarakterindən xəbər verir.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığında yeni təyin olunmuş səfiri Elin Süleymanov APA-nın Britaniya bürosuna müsahibəsində ikitərəfli münasibətlərin gələcək perspektivlərinə dair fikirlərini açıqlayıb:

- Böyük Britaniya-Azərbaycan münasibətlərini necə xarakterizə etmək olar? Rəsmi Londonun Azərbaycan və Cənubi Qafqaz siyasəti necə inkişaf edir?

- Bildiyiniz kimi, Britaniya ilə Azərbaycan arasında uzun illərə dayanan strateji tərəfdaşlıq və qarşılıqlı fayda verən iqtisadi əməkdaşlıq mövcuddur. Avropada Azərbaycanla ən yaxın tərəfdaşlığı olan və Azərbaycana ən böyük sərmayə qoyan dövlət Böyük Britaniyadır.

Sevindirici haldır ki, Azərbaycan və Britaniya arasında ikitərəfli münasibətlərin önəmi hər iki ölkədə ən yüksək səviyyədə vurğulanmaqdadır. Bir neçə gün öncə Azərbaycana səfər edən Britaniya parlamenti üzvləri ilə keçirilən görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev münasibətlərin müsbət tarixi dinamikasına toxundu və bu əlaqələrin hazırda da uğurla inkişaf etdiyini dedi. Eynilə noyabr ayının əvvəlində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda keçirilən konfransı münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı məktubda Britaniyanın Baş naziri Boris Conson iki ölkə arasında münasibətlərin son 30 ildə çiçəkləndiyini və hazırda özünün ən yüksək səviyyəsində olduğunu bəyan edib.

Rəsmi Londonun Azərbaycan və Cənubi Qafqaz siyasətinin necə inkişaf etdiyi ilə bağlı sualın cavablandırılması isə iki mühüm məsələyə ətraflı baxış tələb edir: Britaniya nöqteyi-nəzərindən bu, “Brexit” hadisəsi, Azərbaycanın nöqteyi-nəzərindən 44 günlük Vətən müharibəsindən sonra regionda əsaslı şəkildə dəyişən təhlükəsizlik vəziyyətidir.

Məlum olduğu kimi, 2021-ci ilin 31 yanvar tarixindən etibarən Britaniya rəsmi olaraq Avropa İttifaqını tərk edib. Elə hesab edirəm ki, “Brexit”-ə təkcə Britaniyanın Avropa İttifaqından çıxması kimi baxmaq bir qədər dar yanaşmadır. “Brexit” geniş anlamda Britaniyanın İkinci Dünya Müharibəsindən sonra formalaşan dünya düzənindəki yerindən narazılığının ifadəsi idi. Başqa sözlə, Britaniya qlobal güclərdən birinə çevrilmək niyyətində idi, Aİ-yə üzvlüyün şərtləri isə Britaniyaya yeni reallıqlara uyğun sərbəst addımlar atmağa imkan vermirdi. Beləcə, bu proses baş verdi və hazırda biz “Brexit”-in qlobal anlamda ilkin təsirlərini müşahidə etməkdəyik.

Digər tərəfdən, Azərbaycanın ötən ilki 44 günlük müharibədə qələbə qazanması və torpaqlarını işğaldan azad etməsindən sonra regionda tamamilə yeni təhlükəsizlik mühiti formalaşıb. Hazırkı vəziyyətdə münaqişəni geridə qoyan Azərbaycan regionda davamlı sülh və əməkdaşlığı təşviq edir, bu xüsusda əməli addımlar atır.

Britaniya 2021-ci ilin mart ayında “Soyuq müharibə”dən sonra əsaslı şəkildə yenidən nəzərdən keçirilmiş və müasir reallıqlara uyğunlaşdırılmış, “Qlobal Britaniya” yanaşmasının əsaslarını təşkil edən İnteqrə edilmiş İcmalını ictimaiyyətə təqdim etdi. Hazırda Britaniya hökuməti Cənubi Qafqaz da daxil olmaqla dünyanın bütün nöqtələrində xarici siyasətini məhz həmin strateji sənədə uyğun olaraq qurmaqdadır. Bu mənada, hələlik dəqiq proqnozlar vermək üçün bir qədər tezdir. Ancaq mən hesab edirəm ki, Azərbaycanın gördüyü işlər və atdığı addımlar Britaniyanın prioritetləri ilə üst-üstə düşür və bu, iki dövlət üçün gələcəkdə daha geniş əməkdaşlıq perspektivləri açır.

- O zaman “Qlobal Britaniya”nın regionda, Azərbaycanda maraqları konkret olaraq, nədən ibarətdir və hərbi zəfərimizdən sonra bu maraqlar nə dərəcədə Azərbaycanın və Türkiyənin maraqları ilə uzlaşır? London daimi sülhə hansı töhfəni verə bilər?

- Əvvəla onu deyim ki, hər bir dövlət siyasətini, ilk növbədə, öz milli maraqları əsasında qurur. Azərbaycanın yürütdüyü siyasət də məhz milli maraqlarımıza, Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu, Britaniyanın da, Türkiyənin də halında belədir. Diplomatiyanın əsas rollarından biri də bu maraqları mümkün qədər bir-birinə uyğunlaşdırmaq, bütün tərəflərə fayda gətirməsini təmin etməkdir. Britaniyanın maraqlarının Azərbaycanın maraqları ilə nə dərəcədə uzlaşması ilə bağlı sualı cavablandırmaq üçün isə mən bir qədər öncə qeyd etdiyim iki mühüm tarixi hadisənin ardından hər iki dövlətin xarici siyasət prioritetləri arasında paralel aparmaq istərdim.

Azərbaycan üçün ötən ilki 44 günlük Vətən müharibəsi beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək və ərazi bütövlüyünü bərpa etmək demək idi. Müharibə bitdikdən sonra Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanla yekun sülh sazişi imzalamağa, ikitərəfli münasibətləri normallaşdırmağa və regionda kommunikasiyaların açılmasında maraqlıdır. Bir qədər öncə bəhs etdiyim Britaniyanın yeni İnteqrə edilmiş İcmalında qeyd edilir ki, Britaniya dünyada münaqişələrin qarşısının alınması, səbəblərinin aradan qaldırılmasında maraqlıdır. Gördüyünüz kimi, bu məsələdə hər iki dövlətin yanaşması uyğunluq təşkil edir və təsadüfi deyil ki, Britaniya tərəfi bütün təmaslarda regionda davamlı sülhün bərqərar olması üçün Azərbaycanla birgə işləmək niyyətini ifadə edir.

Britaniyanın Vətən müharibəsindən sonra regionda atdığı addımlara baxsaq, biz bu niyyətin praktiki təzahürlərini aydın şəkildə görərik. Bu ölkə Qarabağın minalardan təmizlənməsi sahəsində Azərbaycana əhəmiyyətli dəstək verməkdədir. Bu günədək artıq iki dəfə Britaniyadan Azərbaycana bu xüsusda mütəxəssislər göndərilib, sentyabr ayında isə Britaniya hökuməti BMT-nin İnkişaf Proqramına Qarabağdakı minalardan təmizləmə fəaliyyətinə dəstək məqsədi ilə 500 min funt sterlinq maliyyə vəsaiti ayırıb. Qarabağın minalardan təmizlənməsi keçmiş məcburi köçkün əhalinin Qarabağa qayıtmasına şərait yaradacaq ki, bu da davamlı sülhün əsas elementlərindəndir. Qalıcı sülhün daha bir elementi də zəruri infrastrukturun yaradılması və bərpa işləridir ki, Britaniya bu sahədə də çox fəaldır. Bu ölkənin şirkətləri, Qarabağda aparılan yenidən qurma və şəhər planlama işlərində yaxından iştirak edir. Bundan əlavə, BP şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında Azərbaycan Prezidenti tərəfindən “sıfır karbon emissiyası” zonası elan edilən Qarabağda günəş enerjisi stansiyasının tikilməsi ilə bağlı müvafiq sənəd imzalanıb. Hesab edirəm ki, zəngin yaşıl enerji potensialına malik azad olunmuş ərazilərdə bu istiqamətdə əməkdaşlıq imkanları kifayət qədər genişdir.

Əlavə olaraq, azad edilmiş ərazilərdə məskunlaşacaq həmvətənlərimiz üçün tədris imkanlarının artırılması vacib sahədir. “British Council” artıq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan keçmiş məcburi köçkün əhali üçün ingilis dilinin tədrisini həyata keçirir. Gələcəkdə bu praktikanın məhz azad olunmuş ərazilərdə davam etdirilməsinin vacibliyini “British Council” ilə təmaslarımda hər fürsətdə diqqətə çatdırıram. Ümidvaram ki, həmvətənlərimizin azad edilmiş ərazilərə qayıdışından sonra biz bu sahədə daha konkret dialoq aparacağıq.

Qardaş Türkiyəyə gəlincə, mənim üçün çox sevindirici haldır ki, Britaniya və Türkiyə arasında çox güclü və dostluq prinsiplərinə əsaslanan strateji münasibətlər mövcuddur. Düşünürəm ki, Britaniya Türkiyənin istər NATO daxilində ən vacib tərəfdaşlardan biri olduğunu, istərsə də, hazırda geniş Cənubi Qafqaz regionunda davamlı sülhə əməli töhfələr verən ölkə olduğunu çox yaxşı anlayır. Biz bunu Vətən müharibəsi zamanı Britaniya hökumətinin ölkə daxilində bəzi ermənipərəst qüvvələrin Türkiyə əleyhinə səsləndirdikləri bəyanatlarına cavablarında da aydın görürdük.

Mən bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanın post-münaqişə mərhələsi ilə bağlı təklifləri təkcə Azərbaycanın marağında olan məsələlər deyil. Bu təkliflərin reallaşması bütün regionun, elə birinci növbədə Ermənistanın, Ermənistan xalqının gələcəyinə böyük töhfələr vəd edir. Sərhəddə son günlər baş verən hadisələr bir daha göstərir ki, Azərbaycanın təklifləri Ermənistan tərəfindən qəbul edilmədiyi müddətdə davamlı sülhün əldə edilməsi çətinləşir.

- Böyük Britaniyanın Cənubi Qafqaza münasibətdə geosiyasi və geoiqtisadi maraqları rəsmi Londonu Zəngəzur dəhlizinin açılmasını dəstəkləməyə istiqamətləndirə bilərmi? Zəngəzur dəhlizinin Böyük Britaniya üçün əhəmiyyəti varmı, varsa da onu necə xarakterizə etmək olar?

- Bu yaxınlarda Britaniyanın nüfuzlu “Financial Times” qəzetində ölkənin yeni təyin edilmiş xarici işlər və inkişaf nazirinin Britaniyanın “Brexit”-dən sonrakı xarici siyasət prioritetləri ilə bağlı vacib bir məqalə dərc edildi. Həmin məqalədə nazirə yaxın şəxslərə istinadən bildirilir ki, yeni nazir iqtisadi əməkdaşlıqların qurulmasını prioritet sahə kimi müəyyənləşdirib və hətta rəhbərlik etdiyi qurumun - Britaniya XİN-in iqtisadi rolunu artırmaq niyyətindədir. İndi isə baxaq, Cənubi Qafqazda yeni yaranmış təhlükəsizlik vəziyyətində Azərbaycan hansı məsələləri prioritetləşdirir: Kommunikasiyaların açılması, iqtisadi infrastrukturun yaradılması, bərpa və quruculuq və əlbəttə ki, regional əməkdaşlıq üçün böyük imkanlar vəd edən Zəngəzur dəhlizinin açılması.

Beləliklə, Zəngəzur dəhlizi kimi əlahiddə iqtisadi potensiala malik layihəni dəstəkləmək yeni xarici siyasət konsepsiyasına əsasən iqtisadi əməkdaşlıqlara müstəsna əhəmiyyət verən, davamlı sülhü dəstəkləyən, üstəlik Azərbaycan başda olmaqla regiondakı dövlətlərlə yaxşı ikitərəfli münasibətlərə malik olan Britaniyaya yalnız fayda gətirə bilər. Bir qayda olaraq bizim irəli sürdüyümüz təşəbbüslər, adətən, təkcə Azərbaycana deyil, bütün tərəfdaşlara fayda gətirir. Misal üçün, bu gün Avropada qaz böhranı yaşandığı bir dövrdə Cənub Qaz Dəhlizinin nə qədər uzaqgörən təşəbbüs olduğu aydın görünür.

Zəngəzur dəhlizi ümumilikdə beynəlxalq səviyyədə Qərb-Şərq-Şimal-Cənub əməkdaşlığını təşviq edəcək misilsiz bir imkandır. Ümid edirəm ki, Ermənistan rəhbərliyi də layihənin, ilk növbədə, elə Ermənistan üçün açacağı imkanları tezliklə dərk edəcək.

- Britaniya bir neçə il öncə Avropa İttifaqını tərk etdi. Sizcə, bu, Britaniyanın Azərbaycanla münasibətlərində hansı əlavə imkanlar açır?

- Azərbaycan və Britaniya bütün təmaslarda ikitərəfli əlaqələrin daha da dərinləşməsində maraqlı olduqlarını vurğulayır. Bu məsələni Britaniyanın Avropa Qonşuluğu və Amerika region üzrə dövlət naziri xanım Vendi Mortonla 17 noyabrda səfirlikdə keçirdiyimiz görüş zamanı da müzakirə etdik. Hazırda iki ölkə arasında “Brexit”-dən sonrakı münasibətləri tənzimləyəcək Tərəfdaşlıq və Əməkdaşlıq Sənədi razılaşdırılmaqdadır. Gələcəkdə xüsusi ilə ticarət sahəsində daha geniş əməkdaşlıq sahələrinin açılacağı, Azərbaycan istehsalı olan malların Britaniyaya idxalına yeni imkanlar yaranacağı, yaşıl enerji, kənd təsərrüfatı və sairə sahələrdə əlaqələrin intensivləşəcəyi qənaətindəyəm.

Onu da əlavə etmək istərdim ki, bir neçə gün öncə Azərbaycana səfər edən BP şirkətinin baş icraçı direktoru Bernard Looney ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə BP şirkətinin alternativ enerji sahəsindəki maraqlarının Azərbaycanın enerji siyasəti ilə uzlaşdığı və şirkətlə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin nəzərdən keçirildiyi vurğulanıb.

Məlum olduğu kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatında aparıcı rola malikdir və “Brexit”-dən sonra əməkdaşlıqlarını daha çox regional qruplaşmalar şəklində quran Britaniya məhz Azərbaycan vasitəsi ilə Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrlə əməkdaşlığını genişləndirə, xüsusən yaşıl enerjinin istifadəsi sahəsində birgə layihələr həyata keçirə bilər.

Alternativ enerjidən söhbət açılmışkən, mən bir məsələyə də diqqət çəkmək istərdim. Bu yaxınlarda mən London Elektrik Nəqliyyat Vasitələri Şirkətinin (London Electric Vehicle Company – LEVC) qərargahının yerləşdiyi Koventri şəhərində oldum. Şirkətin nümayəndələri bildirdilər ki, bu gün Azərbaycan LEVC-in istehsal etdiyi elektrik mühərrikli nəqliyyat vasitələrinin əsas idxalçılarındandır. Bu, bir daha Azərbaycanın karbon emissiyasının azaldılması istiqamətində əməli addımlar atdığını göstərir. Bakıda LEVC-ə məxsus elektrik mühərrikli taksilərin istifadəyə verilməsi bunun bariz nümunəsidir.

- Böyük Britaniyada Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz? ABŞ-dakı uzunmüddətli diplomatik təcrübəniz də nəzərə alınmaqla, sizcə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında vətənin hüdudlarından kənarda yaşayan həmvətənlərimizin rolu nədən ibarətdir?

- Bildiyiniz kimi, Britaniyada diplomatik fəaliyyətimə yeni başlamışam və həddindən artıq sevincliyəm ki, bu ölkədə vətənpərvər, savadlı və mehriban icma üzvlərimiz, fəallarımız var. Mənim artıq icma nümayəndələrimizlə bir neçə dəfə görüşmək şansım olub və əminliklə deyə bilərəm ki, vətəndən uzaqda yaşamaqlarına baxmayaraq onların hər birinin qəlbi Azərbaycanla bir döyünür. İndiyədək keçirilən tədbir və görüşlərimizdə icma nümayəndələrimizdən çox isti və mehriban münasibət görmüşəm, buna görə onlara çox minnətdaram. Britaniyada “Azərbaycan Evi”, “Natavan Qrupu”, “Britaniya Azərbaycanlıları Cəmiyyəti”, “Britaniya Azərbaycanlıları Assosiasiyası” və s. kimi fəal icma təşkilatları fəaliyyət göstərir və onlar həqiqətən də çox faydalı işlər görürlər. Qələbəmizin birinci ildönümü münasibəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova və Cəmiyyətin digər üzvlərinin təşkilatçılığı ilə 5 noyabrda Londondakı “Chelsea Old Town Hall” bələdiyyə zalında “Sülhün Səsləri” adlı möhtəşəm Qala konsert baş tutdu. Həmin gün zalda olan Zəfər abı-havası və birliyi sözlə ifadə etmək mümkün deyil. Mən fürsətdən istifadə edib həmin konsertin ərsəyə gəlməsində iştirak edən bütün icma fəallarımıza, konsertdə çıxış edən dəyərli musiqiçilərə minnətdarlığımı bildirmək istəyirəm. İcma nümayəndələrimizin hər birinin səmimi vətən sevgisi həqiqətən də insanı ruhlandırır.

Amerikaya gəlincə, orada da bizim çox dəyərli həmvətənlərimiz, soydaşlarımız yaşayır. Xüsusi ilə 2020-ci ilin iyun ayından bəri və Vətən müharibəsi müddətində mən icma üzvlərimizin usanmadan Vətənin, Azərbaycan xalqının yanında olduqlarını, əllərindən gələn qədər Azərbaycana dəstək olduqlarını görmüşəm. Müharibə günlərində dəfələrlə gecə saatlarında keçirilən video-konfranslarda onların səmimi Vətən yanğısının şəxsən şahidi olmuşam. Olduqca xoşbəxtəm ki, ötən il Vətən müharibəsindəki qələbəmizi Amerikadakı icma nümayəndələrimizlə birlikdə qeyd etdik. Mən bir daha onlara Azərbaycana möhkəm şəkildə bağlılıqlarına, maneə və çətinliklərdən qorxmadan daim Vətənin yanında olduqlarına görə təşəkkür etmək istərdim.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR