Elşad Mirbəşir: “Aİ sülh istəyirsə, Ermənistanın davranışlarını nəzarətdə saxlamalıdır”

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini, deputat Elşad Mirbəşir

© APA | Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini, deputat Elşad Mirbəşir

# 23 may 2022 17:23 (UTC +04:00)

“Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri arasında baş tutan ikinci görüşlə üçüncü görüş arasındakı zaman kəsiyində Azərbaycan növbəti dəfə nümayiş etdirdi ki, regionda sülhün və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın inkişaf etdirilməsi üçün təşəbbüslərlə çıxış edir, real addımlar atır”.

Bunu APA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini, deputat Elşad Mirbəşir bildirib.

Elşad Mirbəşir deyib ki, ikinci görüş zamanı Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi üçün aprelin sonunadək işçi komissiyanın yaradılması ilə bağlı razılıq əldə edilmişdi: “Azərbaycan tərəfi əldə olunmuş razılığa uyğun olaraq, komissiyanın tərkibini müəyyənləşdirsə də, Ermənistan hansısa texniki səbəbləri əsas gətirərək razılaşdırılmış müddətdə komissiyanın tərkibini formalaşdırmadı. Ermənistan tərəfinin sonradan irəli sürdüyü təkliflər də nümayiş etdirdi ki, sülh sazişini imzalamaqdan yayınmaq üçün hələ də cəhdlər edir. Bu isə növbəti dəfə nümayiş etdirdi ki, Ermənistanın mövqeləri təhlükəsizlik üçün təhdidlər yaratmaqda davam edir. Deməli, sülh sazişinin imzalanması prosesinin uzanmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür. Müvafiq olaraq, ona təzyiqlərin edilməsi haqqında düşünmək lazımdır. Sonuncu görüş bir daha nümayiş etdirdi ki, sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü təkliflər əsas rolunda çıxış edir. Ermənistanın irəli sürdüyü təkliflərdən bəziləri ətrafında ümumiyyətlə müzakirə aparılmadı. Belə ki, Ermənistan Qarabağda yaşayan ermənilərin statusunun müəyyənləşdirilməsi istəsə də, status məsələsi ümumiyyətlə müzakirə olunmadı. Ermənilərin hüquqların və təhlükəsizliyinin təmin olunması məsələsi vurğulandı. Bu isə təbii ki, Azərbaycanın özünün hər zaman dəstəklədiyi mövqedir. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hüquqları qorunur və onlar tam təhlükəsizlik şəraitində yaşamaqda və inkişaf etməkdədirlər. Hesab edirəm ki, bununla bağlı dünyada aydın təsəvvürlər mövcuddur. Ayrıca olaraq, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi postmünaqişə reallıqlarının Avropada qəbul olunduğunu bir daha göstərdi. Bu, həm də ona dəlalət edir ki, Azərbaycan özünün güc mövqeyində daha da möhkəmlənib və onun mövqeləri ilə hesablaşılır”.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini hesab edir ki, tezliklə sərhədlərin müəyyənləşdirilməsi üzrə komissiyanın ilk birgə iclasının keçiriləcəyinin anonsunun verilməsi görüşün əhəmiyyətinin təyin edən ən mühüm amillərdən biridir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan-Ermənistan dövlət sərhədlərinin dəqiqləşdirilməsi sülhün ilkin şərtidir və sonrakı proseslərin hərəkətverici elementidir. Bu məqamı Azərbaycan həmişə qabardıb. Nəhayət, bu istiqamətdə bir hərəkətlənmənin olması təbii ki, Azərbaycanın iradəsinin göstəricisidir. Prosesləri Azərbaycan Prezidenti İlham Əliyev idarə edir. Ermənistan isə onun idarə etdiyi proseslərin təsiri altında davranmaqdadır. Regionda kommunikasiyaların açılması, beynəlxalq daşımaların tənzimlənməsi üçün şərtlərin təmin olunmasının vacibliyinin vurğulanması ümumilikdə, sülhə aparan mühüm məqamlardır. Ayrıca olaraq, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin reallaşdırılması məsələsinin müzakirə predmeti olması Azərbaycanın strategiyasının işləkliyinə dəlalət edir. Belə ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli Birgə bəyanatı imzaladıqdan sonra, sənəddə ifadə olunan məqamlara uyğun addımlar atmağa başladı. Həmçinin, Zəngəzur dəhlizinin açılması istiqamətində də fəallıq nümayiş etdirdi, ilkin infrastruktur elementlərini yaratmağa başladı. Lakin Ermənistan yenə də pozucu mövqe nümayiş etdirərək, Zəngəzur dəhlizinin açılması amilindən bir şantaj aləti kimi istifadəyə cəhdlər etdi. Belə olan halda, Azərbaycan İranla İran ərazisindən keçməklə Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılması haqqında razılaşma imzaladı. Bununla da, Ermənistanın təzyiq aləti əlindən çıxmış oldu. Bunun nəticəsidir ki, yenidən Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulandı. Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması üzrə müzakirələrin də genişləndirilməsi haqqında razılıq əldə olundu. Ümumilikdə, sonuncu Brüssel görüşü mahiyyət etibarilə Azərbaycanın təşəbbüslərinin tam dəstəkləndiyini göstərdi. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyinin təmin olunması üçün kifayət münbit şərait yaradıb. Bu şəraitdən yararlanaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması və yekun sülh sazişinin imzalanması bundan sonrakı mərhələdə Ermənistanın davranışlarından asılı olacaq. Avropa İttifaqı da öz növbəsində regionda sülh və əməkdaşlıq istəyirsə, Ermənistanın davranışlarını nəzarətdə saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR