Fransa da regiondakı yeni reallığı qəbul etməyə başlayır - TƏHLİL

Fransa da regiondakı yeni reallığı qəbul etməyə başlayır - TƏHLİL
# 05 fevral 2022 08:00 (UTC +04:00)

Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Azərbaycan və Ermənistan liderləri arasındakı görüş son vaxtlar iki ölkənin Xarici İşlər nazirləri arasında delimitasiya – demarkasiya ilə bağlı əldə edilən razılıqların tərəflər tərəfindən fərqli şərh edilməsi fonunda baş tutdu. Xatırlatmaq yerinə düşər ki, ötən il 11 yanvar tarixində baş tutan Moskva görüşündə əldə olunan razılıqların həyata keçirilməsi ilə bağlı tələblər son 1 il ərzində rəsmi Bakının İrəvan qarşısında qoyduğu mühüm şərtlər idi. Ermənistan işğaldan azad olunmuş rayonların mina xəritələrini Azərbaycana təhvil verməli, Zəngəzur dəhlizini açmalı və ölkəmizlə delimitasiya – demarkasiya ilə bağlı ilkin işlərə başlamalı idi. Rəsmi Bakının ötən bir il ərzində apardığı prinsipial, müntəzəm təzyiq nəticəsində İrəvan Bakının əsas tələblərindən bir neçəsini yerinə yetirdi və icrasına başladı, delimitasiya – demarkasiya məsələsi ilə bağlı isə danışıqlar davam etməkdədir.

Azərbaycanın tələblərinin bir – bir Ermənistan tərəfindən yerinə yetirilməsi, ümumdünya erməni diasporasının və Hayastanın müharibədən sonra növbəti dəfə ümidlərinin puça çıxdığı Bakının beynəlxalq qələbəsi fonunda baş tutmaqdadır. Məsələ burasındadır ki, ermənilərin bir çoxu Üçtərəfli Bəyanatın Qərb tərəfindən tanınmayacağını, Cənubi Qafqazdakı yeni reallıqlarla bağlı ABŞ ilə Fransanın barışmayacağını düşünərək Azərbaycanın qələbəsinə kölgə salınacağına böyük ümidlər bəsləyirdilər. Hərçənd, həmin ümidlərə ipucunu elə adları çəkilən dövlətlərin özləri vermişdilər. Müharibə vaxtı və müharibənin bitməsindən bir qədər sonra müəyyən müddət ərzində ABŞ, Fransa və Qərbin bəzi parlamentlərində anti-Azərbaycan çıxışlarının edilməsi Paşinyan hökumətindən tutmuş Hayastanın daxilindəki revanşistlərə, eyni zamanda xaricdəki erməni diasporasının liderlərinə qədər hər kəsdə “Qarabağın statusu”, “qalibiyyətin tanınmaması” “Azərbaycan və Türkiyə “aqressordurlar” və s. kimi məsələlərlə bağlı uğur qazanacaqlarını düşünürdülər. Lakin, son hadisələr bir daha göstərdi ki, hətta Fransa prezidenti Emmanuel Makron belə məhz Azərbaycan lideri İlham Əliyevin başlatdığı yeni reallığı qəbul edib və bundan əvvəlki çıxışlarını unudaraq regionda Paris üçün göstərilən yol çərçivəsində hərəkət etməkdədir.

Dünən Emmanuel Makronun təşəbbüsü ilə baş tutan dialoq zamanı bir daha Azərbaycanın maraqları nəzərə alındı, Ermənistan XİN rəhbəri və digər siyasətçilərin qaldırdıqları “status” məsələsi gündəmə salınmadı, problem və münaqişə kimi terminlərdən istifadə edilmədi. O Makron, hansı ki, münaqişə, status və Dağlıq Qarabağ ifadələrini bəzi hallarda Nikol Paşinyandan daha çox istifadə edərdi.

4 fevral görüşündə Brüsseldə əldə olunan razılıqlara istinad edilərək davamlılığın önəmli olmasına toxunuldu. Xatırladım ki, Brüssel görüşü zamanı postmüharibə dövründə ilk dəfə olaraq Qərb de- yüre Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağın Azərbaycanın tərkibinə güc yolu ilə qaytarılması faktlarını qəbul etdi.

Eyni zamanda,həmin vaxt ilk dəfə olaraq azərbaycanlı itkin düşmüşlərin müqqədaratı Ermənistan qarşısında qaldırılmışdı. Brüssel görüşündə Minsk qrupu və Dağlıq Qarabağ ifadələrindən istifadə edilməməsi Aİ və Fransanın rəsmi Bakının ortaya qoyduğu şərtləri qəbul etməsi demək idi.
Soçi və Brüssel görüşlərindən ötən iki aya yaxın vaxt ərzində bölgə ətrafında dəyişən geosiyasi proseslər, Qərb və Rusiya arasında ciddi şəkildə mümkün hərbi – siyasi toqquşma Azərbaycan və Ermənistan üçün də bir sıra sualları ortaya qoyurdu. Bu dəfə də, Brüssel görüşündə olduğu kimi rəsmi İrəvan Qərbin ədalətin yanında olan Azərbaycana üstünlük verdiyinin şahidi oldu.

Ukrayna böhranı fonunda fransalı siyasətçilər də daxil olmaqla Avropa İttifaqının nümayəndələrinin Azərbaycanın qapısında duraraq enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirmələri yaxın 20 il ərzində ölkəmiz və qoca qitə arasında yeni enerji və nəqliyyat layihələrinin perspektivliyindən xəbər verir. Eyni zamanda,dünən Avropa İttifaqının Azərbaycana 150 milyon deyil, prezident İlham Əliyevin tələbinə uyğun olaraq 2 milyard avro verəcəyini bildirməsi Ermənistanda böyük məyusluqla qarşılandı. Sössüz ki, Azərbaycanın artan geosiyasi və geoiqtisadi çəkisi Bakının Brüssel, Vaşinqton və Moskva arasında Qarabağ mövzusunda istəyinə daha əminliklə çatacağından xəbər verir.

Təsadüfi deyil ki, son günlərdə həm Rusiya, həm də xüsusiylə Aİ tərəfindən Azərbaycana maraqlı təkliflər gəlməkdədi. Dünən baş tutan görüş zamanı Ermənistanın danışıqlar masasına gətirmək istədiyi mövzuların bir daha rədd edilməsi yeni danışıqlar formatının nədən ibarət olacağının göstəricisidir. Görüş zamanı sülh gündəliyinin davamı olaraq Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirildi. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.

Göründüyü kimi yuxarıda adı çəkilən bütün mövzular Azərbaycanın Ermənistan qarşısında qaldırdığı çağırışlardı. Görüşlə bağlı Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatlarında Qarabağ terminindən istifadə edilmədi, əvəzində “Zəngəzur”, “dəhliz”, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ifadələrinə yer verildi. Hər iki siyasətçi Azərbaycanın Üçtərəfli Bəyanatdan sonra regionun nizamlanması ilə bağlı ortaya qoyduğu “yol xəritəsi”nə uyğun addım ataraq qıcıq doğuracaq terminləri növbəti dəfə “unutmuş” oldular. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında müzakirə ediləcək mövzular sırasında Qarabağ yoxdur, Xankəndi, Ağdərə və rus sülhməramlılarının müvəqqəti nəzarətindəki rayonlarla bağlı məsələ ölkəmizin daxili işidir.

Öz növbəsində, Azərbaycan lideri çıxışı zamanı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində ölkəmizə beynəlxalq dəstəyin artırılmasının vacibliyinə toxundu, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşının həlak olduğunu, 165 nəfərin isə yaralandığını qeyd etdi. Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verdi.

Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabartdı.
Prezidentin çıxışı zamanı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqlar və onların yerlərinin dəqiq koordinatlarla Ermənistan tərəfindən verilməli olduğunu qeyd etməsi bir daha ölkə başçısının irili – xırdalı bütün məsələlərin diqqətində olduğunun, Azərbaycan insanının onun üçün önəmli və prinsipial əhəmiyyət daşıdığının göstəricisidir. Azərbaycan liderinin Ermənistanının vandalizm hərəkətlərinə eyham vuraraq - kütləvi məzarlıqlar ifadəsindən istifadə etməsi informasiya müharibəsi çərçivəsində bütün dünyanın bir daha erməni vəhşiliyinə diqqətini cəlb edəcək.

Xatırlatmaq yerinə düşər ki, Ermənistan Respublikası kütləvi məzar yerləri və münaqişə zamanı əsir-girov götürülməsi - saxlanması ilə bağlı məlumatları verməkdən indiyədək yayınırdı.

Beləliklə, 4 fevral Azərbaycan və Ermənistan liderləri arasında baş tutan növbəti görüş zamanı Brüssel və Soçi görüşlərinin davamı olaraq Bakının tələblərinin qəbul olunduğunun, danışıqların məhz prezident İlham Əliyevin bəyan etdiyi yol xəritəsinə uyğun davam etdiyinin şahidi olduq.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri – Zaur Məmmədov.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR