Fransa səfiri regionda dayanıqlı sülhün bərqərar olacağına dair optimistdir

Zakari Qross

© APA | Zakari Qross

# 27 yanvar 2022 19:04 (UTC +04:00)

Fransa və Avropa İttifaqının Cənubi Qafqazda sülhü dəstəkləməkdə marağı var.

APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Avropa İttifaqı (Aİ) Şurasına Prezidentliyin ölkəsinə keçməsi ilə bağlı tədbirdə çıxışında deyib.

O bildirib ki, sekulyar, suveren və müstəqil Azərbaycan həm Aİ-nin, həm də Fransanın marağındadır: “Ötən ilin dekabrında Brüsseldə Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin Aİ Şurasının Prezidenti Şarl Mişellə və Fransa Prezidenti Emmanuel Makronla üçtərəfli görüşləri tarixi hadisə idi. Bu görüşlərdən və “Şərq Tərəfdaşlığı”nın uğurlu sammitindən sonra konstruktiv dialoq davam edib. Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın və Fransa Prezidenti Kabinetinin müşaviri İzabel Dümonun regiona səfəri buna bariz nümunədir. Azərbaycan və Ermənistan 2021-ci ildə post-münaqişə dövrünə qədəm qoydu və mən optimistəm ki, 2022-ci il bu iki ölkə post-münaqişə dövründən sülh danışıqları dövrünə keçə biləcək, regionda dayanıqlı sülh bərqərar olacaq”.

Fransalı səfir Aİ və Azərbaycan arasında münasibətlərə toxunub. Səfir bu münasibətlərin yüksək səviyyədə olduğunu, Aİ və Azərbaycan arasında yeni sazişin imzalanması ilə bağlı danışıqların getdiyini deyib: “Ümid edirik ki, bu saziş tezliklə imzalanacaq”.

Fransa səfiri vurğulayıb ki, Avropa Komissiyası Cənubi Qafqaza 2 milyard dollardan çox vəsait ayırıb, bu da müxtəlif sahələrin inkişafı üçün nəzərdə tutulub: “Əgər Azərbaycanda Aİ-nin maliyyələşdirdiyi layihələrə böyük maraq olarsa, təbii ki, Aİ bu vəsaiti artıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR