Hikmət Babaoğlu: İranda xarici ölkə vətəndaşlarının oğurlanması hallarına tez-tez rast gəlinir

Hikmət Babaoğlu,  Milli Məclisin deputatı

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı

# 06 iyun 2023 18:49 (UTC +04:00)

Dövlətin vətəndaşlarına üçüncü ölkəyə səfər etməməklə bağlı çağırışı bir diplomatik protokol qaydasıdır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, bu, həmin dövlətin vətəndaşlarına təhlükə ola biləcəyi haqqında xəbərdarlığıdır: “Çox təəssüf ki, Azərbaycan hazırkı vəziyyətdə İranla münasibətlərdə bunu yaşayır. Azərbaycan daima İranı qonşu, dost ölkə saymasına baxmayaraq, İran Azərbaycana münasibətdə adekvat davranmır. Əgər bir ölkədə xüsusi statusu olan və Vyana Konvensiyasının 51-ci maddəsi ilə toxunmazlığı olan diplomatlara qarşı terror həyata keçirilirsə, o zaman adi vətəndaşlara qarşı da hər cür terror, təhdid ola bilər. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin vətəndaşlarımıza bu çağırışı tamamilə yerində olan bir çağırışdır. Üstəlik, heç bir günahı olmayan gənc bir Azərbaycan vətəndaşının – Fərid Səfərlinin İranda oğurlanması, gizlədilməsi, daha sonra onun İranda olması barədə etirafların edilməsi bir daha onu göstərir ki, ən qeyri-standart, təhlükəli addımları bu ölkədəki dövlət dəstəkli terror təşkilatları Azərbaycan vətəndaşlarına qarşı edə bilərlər. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin çağırış doğru bir çağırış idi. Ümumiyyətlə, İranda xarici ölkə vətəndaşlarının oğurlanması hallarına tez-tez rast gəlinir”.

Deputat hesab edir ki, hələlik Azərbaycan vətəndaşları çox diqqətli olmalıdırlar: “İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır. Razılaşmayanda isə bu cür saxta ittihamlarla həbs edilir. Gələcəyə gəlincə, İran etnomədəni coğrafiya etibarilə Azərbaycanın davamıdır, orada Qərbi Azərbaycan, Şərqi Azərbaycan ostanları var. İranın bu cəhdləri, terrorları heç vaxt Azərbaycanın mədəni, mənəvi bütövlüyünü poza bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR