Hikmət Babaoğlu: İranın Azərbaycana düşmənçiliyinin, Ermənistana rəğbətinin əsas səbəblərindən biri irqçilikdir

Hikmət Babaoğlu,  Milli Məclisin deputatı

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı

# 24 noyabr 2022 17:42 (UTC +04:00)

“İran dövlətçiliyinin mənşəyi özlüyündə xəyanət üzərində yarandığı üçün bu günə qədər də yerli xalqlara və etnoslara qarşı daima xəyanət etmək fəlsəfəsi üstündə mövcudluğunu qoruya bilir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, hazırda baş verən hadisələr kontekstində bu tarixi gerçəklik bir daha öz təsdiqini tapır: “Məsələ ondadır ki, şimali Hindistandan indiki İran ərazisinə gələn perslərin əsas hissəsi Midiya dövləti ərazisində məskunlaşmışdılar. Onlar Midiya hökmdarı, əsil adı Astmengü olan Astiaqın təsərrüfat işlərinə baxırdılar. Ast adı qədim tarixi mənbələrdə Az - ların, yəni bizim xalqımızın əcdadları olan asların adından götürülərək etnotoponim kimi yaranıb. Məngü isə arxaik türkcədə “əbədiyaşar” deməkdir. Astməngü çox təəssüf ki, öz mehtəri Kirin oğlu və Astmengünün nəvəsi 2-ci Kir tərəfindən devrilir və beləliklə də Midiyada madayların hakimiyyətinə son qoyulur, Midiya dövləti süqut edir. Ondan sonra bizim milli etnik coğrafiyamız olan İranda perslərin dövlətçilik tarixi başlayır”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini qeyd edib ki, bu xəyanətdən sonra silsilə xəyanətlər uzun əsrlər boyu davam edir və bizmi milli gücümüzü istismar edən farslar onu özümüzə qarşı tətbiq edirlər: “Nəhayət, 1905-1911-illərdə Məşrutə inqilabı zamanı parlamentli, konstitusiyalı dövlət qurmaq istəyən Səttar Xan hərəkatını da elə özümüzə qarşı çevirirlər. Səttar Xandan istifadə edərək Qacar türk hakim sülaləsinin sonuncu şahlarından olan Nəsrəddin Şah Qacarı zəiflədirlər və 1925-ci ildə İranda hakimiyyəti yenə farslara verirlər. Bundan sonra 21 Azər Hərəkatı ilə Azərbaycan xalqı 1945-ci ildə Pişəvərinin rəhbərliyi altında yenidən ayaqlanaraq özünə Milli Hökumət qurmağı bacarır. Lakin təəssüf ki, imperialist mərkəzlərdən dəstək alan perslər milli dövlətimizi cəmisi bir il sonra süquta uğradırlar. 1979-cu ildə də yenə bənzər hadisələr baş verir. Azərbaycan xalqının Milli Azadlıq Hərəkatı nəticədə İslam inqilabına çevrilir və yenə də öz gücümüzdən özümüzə qarşı istifadə edilir. Son 150 ildəki hadisələrin müqayisəli təhlili onu göstərir ki , Hind-Avropa, yaxud ariançılıq identikliyi türk superetnosuna qarşı ittifaq halında hərəkət edir və ariançılığın əsas ideoloji düsturunu təşkil edir. Haylar da ( ermənilər ) perslər kimi Hindistan yaylasından, konkret olaraq Qaraci bölgəsindən gələn və perslərlə eyni kökdən xalq olduqları üçün İranın şovinist rejimi daima onları dəstəkləyir. Təsadüfi deyil ki, kulislərdə fransızlara bir birilərinə “bacı” dedikləri kimi, farslarla da bir birilərinə “bir millət, iki dövlət” deyirlər. Ona görə də İranda yaşayan bütün xalqlar, ən əsası isə Azərbaycan türkləri fars şovinizminə qarşı çıxır, öz milli varlıqlarını qorumağa çalışırlar. Hind-Avropa dil ailəsindən gələn bəzi Qərb ölkələri də bu tarixi-etnik identikliyə görə rejimin qan tökməsinə göz yumur. İranın möcüzəli şəkildə hələ də xalqlar həbsxanası olmasının da, Hindistanın Ermənistanla müttəfiq olmasının da səbəbi budur”.

Hikmət Babaoğlu nəzərə çatdırıb ki, İranın Azərbaycana düşmənçiliyinin, Ermənistana rəğbətinin və dəstəyinin əsas səbəblərindən biri irqçilikdir: “Bu mənada Qaregin Njdenin irqçi Tseqakron nəzəriyyəsi və onun azərbaycanlılara qarşı törətdiyi qətliamları ilə “Azərbaycan İranın bədənində bəd xassəli şişdir, onu kəsib atmaq lazımdır” kimi fikirlər, 1946-cı ildə “21 Azər hərəkatı”nın süquta uğramasından sonra Tehran rejimi tərəfindən Güney Azərbaycanda milli fəallara divan tutulması həm də bu nifrətdən və özlərini başqa xalqlardan üstün tutmaq hikkəsindən qaynaqlanır. Odur ki, rəsmi ideologiyaları və siyasətləri şovinizmdən yoğurulmuş İran və Ermənistan təbii müttəfiqlərdir. Tehran 21-ci əsrdə də dünyaya hələ də İran-Turan prizmasından baxır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR