Hulusi Kılıç: Azərbaycana qarşı hücumu Türkiyəyə qarşı hücum kimi qiymətləndiririk

Hulusi Kılıç: Azərbaycana qarşı hücumu Türkiyəyə qarşı hücum kimi qiymətləndiririk
# 27 yanvar 2023 17:02 (UTC +04:00)

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən xain hücumun kimlər tərəfindən həyata keçirildiyi müəyyən edilməlidir. İranı məsuliyyətə dəvət edirəm.

Bunu APA-nın İstanbul müxbirinə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Sosial İnkişafa Dəstək İctimai Birliyin Türkiyə üzrə numayəndəsi Hulusi Kılıç bildirib.

O, son zamanlar İranın Azərbaycanın əldə etdiyi uğurlardan narahat olduğunu diqqətə çəkib.

“Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfərdən sonra İranın narahat olduğunu görürsünüz. Bu uğur niyə İranı narahat edir, bunu anlamıram. Azərbaycanla sərhəddə hərbi təlimlər, Prezident Ərdoğanın Bakıda dediyi şeirə göstərdikləri reaksiya, Ermənistanla birgə təlim keçirmək arzusu, Ermənistanda konsulluq açmaqları, eyni zamanda, Azərbaycana qarşı səsləndirilən iyrənc açıqlamalar həm Azərbaycanı, həm də Türkiyəni narahat etməkdədir”, - deyə Hulusi Kılıç bildirib.

Sabiq səfir, İranın Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyənin “bir millət, bir dövlət” olduqlarını bilməsinin vacibliyini də vurğulayıb: “Azərbaycana qarşı həyata keçirilən hər bir hücumu biz Türkiyəyə qarşı hücum kimi qiymətləndiririk. Azərbaycanın Tehrandakı səfirliyi bizim birgə səfirliyimizdir. Biz bu iyrənc hücumu həyata keçirənlərin tez bir şəkildə müəyyən edilməsini istəyirik”.

Hulusi Kılıç, həmçinin, hücumla bağlı Azərbaycan xalqına və səfirliyin qətlə yetirilən əməkdaşı Orxan Əsgərovun ailəsinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR