İlyas Umaxanov: “Generalların Bakı görüşü Azərbaycanın suveren ölkə olduğunu göstərir” - RƏY

İlyas Umaxanov: “Generalların Bakı görüşü Azərbaycanın suveren ölkə olduğunu göstərir” - RƏY
# 11 iyul 2019 19:19 (UTC +04:00)

“Azərbaycan həm Rusiyanın, həm də Qərbin etibarını qazanan nadir ölkələrdəndir”.

Bunu APA-nın Moskva müxbirinə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov deyib.

İyulun 10-da Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters arasında keçirilən görüşün əhəmiyyətindən danışan rusiyalı senatorun sözlərinə görə, bu cür görüşlərin Bakıda keçirilməsi sistemli xarakter alıb: “Azərbaycan paytaxtında Rusiya və NATO generallarının görüşü qəflətən keçirilən görüş deyil. Bu görüş gözlənilən idi. Belə görüşlərin Bakıda keçirilməsi artıq sistemli hal alıb. Bu, onu göstərir ki, Rusiya və Azərbaycan maksimal dərəcədə öz fəaliyyətlərini koordinasiya edir. Bundan başqa, Azərbaycan və Rusiya Qafqazda və bütün regionda baş verən vəziyyəti daim monitorinq edirlər. Rusiya ilə NATO arasında mühüm məsələlərin həlli və müzakirəsi üçün məhz Bakının seçilməsinin xüsusi anlamı var. Çünki Azərbaycan əsl suveren, müstəqil və sərbəst ölkədir. O, təkcə iqtisadi inkişafda yaxşı göstərici nümayiş etdirmir, həm də özünü beynəlxalq arenada təsdiq edir. Rusiya və NATO generallarının Bakı görüşü Azərbaycanın əsl müstəqil və suveren ölkə olduğunu göstərir. Əminəm ki, yaxın illərdə bu mənada Bakının dünya nəhəngləri üçün önəmi daha da artacaq”.

Rusiya Federasiya Şurasının üzvü, senator İqor Morozov isə APA-ya deyib ki, Azərbaycan hər zaman Rusiyanın xarici siyasətində önəmli yer tutur: “Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət Rusiya ilə tarixi münasibətlərdə özünü sülhsevər kimi əks etdirir. Ona görə də Rusiyanın Azərbaycan dövlətinə güvəni çox böyükdür. Məhz bu səbəbdən Rusiya və NATO arasında aparılan danışıqlarda neytral məkan kimi Azərbaycan paytaxtı seçilib. Rusiyanın Azərbaycana etibarının simvolu kimi Bakı seçilib. Bundan başqa, Rusiya hərbi rəhbərliyindən ötrü dünya gündəmində olan məsələləri müzakirə etmək üçün Bakı çox komfortlu şəhərdir”.

Rusiyalı parlamentari qeyd edib ki, Bakıda keçirilən danışıqlarda ölkəsinin dünya üçün bir sıra vacib problemlərin həllində NATO ilə ortaq məxrəcə gələcəyinə ümid edir: “Bakıdakı həmkarlarımızın yaratdığı şərait imkan verir ki, biz NATO ilə danışıqlarımızı davam etdirək. Biz yaxşı anlayırıq ki, məhz Bakıda NATO nümayəndələri ilə aparılan danışıqlarda ortaq məxrəcə gələ bilərik. ABŞ və NATO da Rusiya kimi Azərbaycana sülhsevər, neytral ölkə kimi baxır. Onlar da Bakıya etibar edir, güvənirlər”.

Qeyd edək ki, dünən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters Bakıda görüşüblər. Tərəflər Avropa və qlobal təhlükəsizlik sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində baş verə biləcək insidentlərin qarşısının alınması üçün mümkün tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə Rusiya və NATO hərbi ekspertləri arasında dialoqun bərpası perspektivləri, terrorizmə qarşı mübarizə, Əfqanıstan və Suriyadakı vəziyyət müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR