İƏT-in sessiya iştirakçıları Şuşa və Daşaltıda olublar - FOTO - YENİLƏNİB -1

İƏT-in sessiya iştirakçıları Şuşa və Daşaltıda olublar - FOTO   - YENİLƏNİB -1
# 29 iyun 2022 17:38 (UTC +04:00)

İyunun 29-da İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşa şəhəri və Daşaltı kəndini ziyarət ediblər.

Dövlət Turizm Agentliyindən APA-ya verilən xəbərə görə, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha, Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti Şuşa şəhərində işğal müddətində erməni vandalizminin qurbanı olmuş Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərində aparılan bərpa və təmir işləri ilə tanış olublar.

Həmçinin qonaqlar Daşaltı kəndinin turizm imkanları, burada turizm və rekreasiya zonasının yaradılması üçün mövcud potensial haqqında məlumatlandırılıblar.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu ərazilərin turizm potensialının istifadəsi üçün Agentlik tərəfindən Şuşa şəhərinin turizm inkişaf strategiyasının və Daşaltı turizm inkişaf konsepsiyasının hazırlandığını diqqətə çatdırıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov tərəfindən Şuşanın tarixi, Vətən müharibəsindən sonra aparılan yenidənqurma və bərpa işləri haqqında nümayəndələrə buradakı İslam irsinə məxsus tarixi və mədəni abidələr haqqında ətraflı informasiya verilib.

Qeyd edək ki, İƏT-in turizm nazirlərinin Bakıda keçirilən 11-ci Konfransı çərçivəsində üzv ölkələrin turizm nazirləri, nazir müavinləri, səfirlər və turizm üzrə səlahiyyətli şəxsləri bu gün Füzuli Hava Limanında olublar.

***

14:39

İyunun 29-da İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində Azərbaycanda olan İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha və üzv dövlətlərin nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Dövlət Turizm Agentliyindən APA-ya verilən xəbərə görə, İƏT nümayəndələri müasir standartlara cavab verən, turizm əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanında olublar. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən onlara məlumat verilib ki, qısa müddətdə inşa edilən beynəlxalq hava limanı Füzulinin, eləcə də regional turizmin və bölgənin sosial-iqtisadi inkişafında xüsusi rol oynayacaq.

Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti işğal nəticəsində dağıdılmış mədəniyyət abidələri, məscidlər və digər mədəni irs obyektlərinə baxış keçirəcəklər.

Onlar, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edərək qədim tikililər və buradakı İslam irsi abidələrini ziyarət edəcəklər, şəhərin turizm potensialı ilə yaxından tanış olacaqlar.

Xatırladaq ki, iyunun 28-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransında Turizmin İnkişafı üzrə Qətnamə və Bakı Bəyannaməsi qəbul edilib.

“Turizmin İnkişafı üzrə Qətnamə” sənədində azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib.

Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edilib.

14:04

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.

APA xəbər verir ki, nümayəndə heyətinə Şuşada aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib.

Nümayəndə heyəti Şuşanın tarixi və mədəniyyət abidələrində aparılan restavrasiya işləri ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR