İƏT PA-ya sədrlik Azərbaycana keçib - YENİLƏNİB

İƏT PA-ya sədrlik Azərbaycana keçib - YENİLƏNİB
# 17 may 2022 18:08 (UTC +04:00)

Mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi konfransı çərçivəsində qurumun İcraiyyə Şurasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, iclası açan İƏT PA-nın və Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf tədbirə ev sahibliyi edən Azərbaycan tərəfinə təşəkkür edib, iclasa qatılan parlament nümayəndə heyətlərinin rəhbərlərini və iştirakçıları salamlayıb.

İclasda Azərbaycanla yanaşı Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndə heyətləri iştirak ediblər. İƏT PA sədri təşkilatın tarixindən danışaraq, indiyədək görülmüş işləri, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib, əvvəlki Ümumi Konfranslarda müzakirə edilmiş məsələlərin əhəmiyyətini qeyd edib.

Sonra Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf İƏT PA-ya sədrliyi Milli Məclisin sədri Sahibə Qafarovaya təhvil verib.

Tədbir iştirakçılarını salamlayan Sahibə Qafarova qurumun ötən dövrdəki səmərəli fəaliyyətinə görə Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə təşəkkürünü bildirib. Milli Məclisin sədri konfransın işinin məhsuldar olacağına əminliyini ifadə edib. Gündəlik təsdiq olunduqdan sonra iclasda İƏT PA-nın İkinci Ümumi Konfransının Hesabatı, Üçüncü Ümumi Konfransın proqramı və gündəliyi təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb.

İclasda İƏT PA-nın sədr müavini seçilib, növbəti konfransın keçirilmə yeri və vaxtı barədə razılığa gəlinib.

Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, sabah konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Azərbaycanın mədəniyyət paytaxtı və Türk Dünyasının 2023-cü il üzrə Mədəniyyət Paytaxtı Şuşa şəhərinə səfər edəcək, qısa müddətdə salınmış Zəfər yolu və Şuşa şəhərində aparılmış tikinti-quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Bununla da İƏT PA-nın İcraiyyə Şurasının iclası başa çatıb.

***

15:10

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA) sədrlik Pakistandan Azərbaycana keçib.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, İƏT PA-nın Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçib.

“Azərbaycan sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək. Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır”, - Sahibə Qafarova vurğulayıb.

Milli Məclisin sədri deyib ki, pandemiya tamamilə aradan qalxmasa da, kəskin dövrü geridə qalıb: “İndi biz növbəti addımlara hazır olmalı və postpandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR