IX Qlobal Bakı Forumunda qlobal təhlükəsizlik və sülh perspektivləri müzakirə olunub

IX Qlobal Bakı Forumunda qlobal təhlükəsizlik və sülh perspektivləri müzakirə olunub
# 16 iyun 2022 16:54 (UTC +04:00)

Bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda panel keçirilib.

APA-nın xəbərinə görə, panelin moderatoru Belçikanın sabiq Baş naziri (2008, 2009 -2011-ci illər) İv Leterm olub.

Paneldə çıxış edən “Green Cross International”ın sabiq prezidenti (1996 -2016-ci illər) Alexander Likhotal deyib ki, 75 illik mövcudiyyətdən sonra BMT sisteminin məhdudiyyətlərini aradan qaldırmaq mümkün deyil: “Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko bildirdi ki, artıq Ukraynanın 20 faizə qədərinə Rusiya nəzarət edir. Bu, İtaliya ərazisinin 1/3-i deməkdir. İkinci Dünya Müharibəsindən sonra Avropada yeni bir qanlı müharibənin şahidiyik. Bu, Üçüncü Dünya Müharibəsinə təkan verəcək, yoxsa İkinci Dünya Müharibəsindən sonrakı nizama son qoyacaq? Biz bunu hələ bilmirik. BMT-nin münasibətinə gəlincə, bu qurum utancaq bir vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının üzvləri arasında qarşılıqlı etimad yoxdur. BMT belə duruma hazır olub? Hazır olmayıb. BMT eyni zamanda UNESCO, FAO və digər strukturlar deməkdir. Problem BMT-nin Təhlükəsizlik Şurasındadır. Biz BMT-ni necə yenidən qura bilərik? Ukrayna müharibəsi nəticəsində 17 milyon insan qaçqın düşüb, Rusiyanı isə 2 milyon insan tərk edib. Biz çox vaxt deyirik ki, Rusiya məğlub olmalı, Ukrayna qalib gəlməlidir. Ancaq Rusiyanın məğlub olması, Ukraynanın qalib gəlməsi nə deməkdir? Biz bu suallara aydınlıq gətirməliyik”.

Belçikanın sabiq Baş naziri (2008, 2009-2011-ci illər) İv Leterm Çinin qlobal təhlükəsizlik strukturunun yaradılmasında rolunun mühüm olduğunu vurğulayıb. Çin Xalq Respublikasının Xarici İşlər İnstitutunun Prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin sabiq müavini Vanq Çao (2013-2019-cu illər) isə onlayn çıxışında qeyd edib ki, bu gün dünya üçün sülh daha vacibdir: “Dünya analoqu olmayan risklərlə qarşılaşıb. Biz qlobal təhlükəsizliyə yeni baxış formalaşdırmalıyıq”.

Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud Ukrayna xalqının mübarizəsinin dəstəklənməli olduğunu söyləyib: “İraqa təcavüz, Fələstin torpaqlarının işğalı, BMT-nin Kəşmirlə bağlı qətnamələrinin yerinə yetirilməməsini də xatırlatmaq istəyirəm. Ukrayna müharibəsi zamanı Avropa və Qərb artıq gözlərini açdı ki, beynəlxalq münasibətlər sistemində, BMT-də islahatlar aparmaq zəruridir. BMT Baş Assambleyasında hansı təkliflərlə çıxış etsəniz də, BMT Təhlükəsizlik Şurasında bir dövlətin vetosu bunun qarşısını ala bilər. BMT Təhlükəsizlik Şurasının üzvləri razılığa gəlsə, qətnamə icra oluna bilər. Biz suveren dövlətlərin daxili işlərinə qarışmamağa hörmətlə yanaşmalıyıq. Beynəlxalq hüquqlara yeni əlavələr etməkdənsə, onları qoruyub saxlamaq lazımdır”.

İsrailin sabiq xarici işlər naziri (2006-2009-cu illər) Tzipi Livni multikulturalizmin vacib olduğunu hamının anladığını qeyd edib: “BMT İkinci Dünya Müharibəsindən sonra yarandı və bütün ölkələri bir araya gətirdi. Rusiyanın Ukraynaya hücumundan əvvəl multikulturalizm təhlükə altında idi. Məsələn, Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatına maliyyə ayırmağa qarşı çıxdı, ancaq ABŞ-a önəm verilməsi fikri qabardıldı. Bu da dünyada müəyyən boşluqları ortaya çıxardı. Rusiyanın Ukraynaya təcavüzü hamını şoka saldı. Çünki Rusiya BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biridir, veto hüququndan istifadə edir”.

Tzipi Livni hesab edir ki, İsrail fələstinlilərlə münaqişənin həllini tapmalıdır: “Bizə ümumi təhdid İrandan qaynaqlanır və biz bu sahədə əməkdaşlıq edə bilərik. Biz artıq iqlim dəyişikliyi və aclıq barədə danışırıqsa, bu, həm də münaqişələri alovlandıracaq. Biz yerlərdəki reallığa əsaslanmalıyıq. Təəssüf ki, BMT-nin artıq islahatlara ehtiyacı var və idarəetmə ilə bağlı məsələlər əksini tapmalıdır. Digər tərəfdən, sosial media saxta məlumatların yayılması məkanına çevrilib. Biz də sosial mediadan geniş istifadə edərək gənclərlə əlaqə saxlamalıyıq”.

Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili (2013-2018-ci illər) Avropanın Rusiyanı yaxın qonşu saydığını xatırlayıb: “Biz artıq Rusiyanın qonşu ölkələrə terrorçu kimi yanaşmasını gördük. Əgər bu müharibədə Rusiya hansısa uğur qazansa, yalnız Gürcüstan və Azərbaycan üçün deyil, qlobal dünya nizamı üçün bir faciə olacaq. Elə bir presedent yaranacaq ki, kimin əlində nüvə silahı varsa, qırmızı düyməciyi basmaqla dünyanı təhdid edə bilər. Ukrayna Avropanın təhlükəsizliyi üçün mübarizə aparır, Ukrayna məğlub olsa, dünyada təhlükəsizlik olmayacaq”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev qeyd edib ki, Birinci Dünya Müharibəsindən sonra Millətlər Liqası, İkinci Dünya Müharibəsindən sonra BMT yaranıb: “SSRİ-nin süqutundan sonra Azərbaycan müstəqillik qazanıb. Biz beynəlxalq təşkilatlara çox inanırdıq. İnanırdıq ki, beynəlxalq təşkilatlar, prinsiplər sülh gətirəcək. Ancaq belə olmadı, Azərbaycan torpaqları işğala məruz qaldı. BMT-yə gəlincə, BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edən ölkələr Baş Assambleyada bu hüquqdan niyə istifadə etdiyini əsaslandırmalıdır”.

Qoşulmama Hərəkatı çox vacib bir platforma sayan Hikmət Hacıyev deyib ki, yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur, beynəlxalq hüquq və prinsiplərə riayət edilməlidir.

Azərbaycan Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, hər bir böhran digər böhranların alovlanmasına gətirib çıxara bilər.

“11 sentyabrdan sonra düşündük ki, sivilizasiyaların toqquşmasının qarşısını ala bilərik, amma buna nail ola bilmədik”, - o vurğulayıb.

Hikmət Hacıyev deyib ki, pandemiya ilə mübarizədə də qlobal səviyyədə problemlər müşahidə olundu: “Ukrayna münaqişəsi enerji, ərzaq və digər problemləri ortaya çıxarır. Hər bir böhran digər böhranların alovlanmasına gətirib çıxara bilər”.

BMT-də islahatların vacibliyinə diqqət çəkən Hikmət Hacıyev Azərbaycanın çoxmillətli bir ölkə olduğunu xatırladıb: “Azərbaycan da bu baxımdan islahatlara töhfə verə bilər”.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR