IX Qlobal Bakı Forumunda qloballaşma və artan bərabərsizliklər müzakirə olunub - FOTO

IX Qlobal Bakı Forumunda qloballaşma və artan bərabərsizliklər müzakirə olunub - FOTO
# 18 iyun 2022 10:53 (UTC +04:00)

Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda panel keçirilib.

APA xəbər verir ki, panelin moderatoru BMT-nin Ukraynadakı sabiq rezident əlaqələndiricisi (2004-2009-cu illər) Frensis O’Donnell olub.

Paneldə çıxış edən Dünya Bankının sabiq vitse-prezidenti (1999-2002-ci illər) Mats Karlson deyib ki, ABŞ iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir, amma hələ də ABŞ-da bərabərsizlik gündəlikdə qalmaqdadır: “Afrikanın da qarşısında çoxlu çağırışlar durur. Afrika ölkələri növbəti mərhələyə keçməlidir. Afrikanın əhalisi gələcəkdə Çin və Hindistandan da çox olacaq. Ona görə Afrikaya fokuslanmalıyıq. Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumların effektiv fəaliyyət göstərməsi üçün ölkələrin dəstəyi vacibdir. Məsələn, Ümumdünya Ticarət Təşkilatı qloballaşma sahəsində mühüm rol oynayır. İndi kriptovalyuta ortaya çıxıb, ona görə də qlobal maraqları bir araya gətirməliyik. Qloballaşma üçün effektiv vergi siyasətinin həyata keçirilməsi, bu sahədə praktik alətlər də vacibdir”.

Frensis O’Donnell dünya əhalisinin 1 faizinin çox böyük kapitala malik olduğunu, kapitalın 80 faizini əllərində cəmləşdirdiyini nəzərə çatdırıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, iqtisadiyyatın dayanıqlığını artırmaqla əhalinin gəlir səviyyəsi ilə bağlı problemi həll etmək məqbuldur: “Gəlirlərin bölüşdürülməsi bu gün dünyada mövcud olan bir təhdiddir. Azərbaycan da bu sahədə tənzimləyici mexanizmlər hazırlayır. Eyni zamanda, cəmiyyətlərin dəyərlərinə diqqət yetirməliyik. Bu sahədə yalnız ümumbəşəri alətlərdən istifadə əsas ola bilməz. Xüsusən ölkələrdəki şəraitə uyğun alətlər seçilərək bərabərsizliyə son qoyulması istiqamətində addımlar atılmalıdır. Vergi qoyulma hədlərinin müəyyənləşdirilməsi, kapitalın regionlar üzrə bərabər bölüşdürülməsi vacibdir”.

İqtisadiyyat naziri nəzərə çatdırıb ki, SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən Azərbaycanda məcburi qaçqın və köçkünlər kimi həssas təbəqə meydana gəlib: “Biz gəlirləri bu həssas təbəqələrin gəlirlərinin artırılmasına yönəltmişdik. Biz siyasəti inklüzivliyə fokusladıq, sosial müdafiə mexanizminin yaradılmasına çalışdıq. Dövlət Neft Fondunun ehtiyatları qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onlar üçün evlərin tikilməsinə yönəldildi. Eyni zamanda, tələbələrin xaricdə təhsilinə də vəsaitlər ayrıldı. Biz Azərbaycanda minimum pensiyanın məbləğinin artırılmasına diqqət yetirdik. Bütün bunlar da 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur”.

Ekvadorun sabiq Prezidenti Rozaliya Arteaqa Serrano bildirib ki, daun sindromlu övladı olub və bir ana üçün bunun nə demək olduğu aydındır: “Bərabərsizliklər cəmiyyətdə qarşıdurmaya yol açır. Ekvadorda iqtisadi bərabərsizliklər sağlam həyat tərzini təmin etməyə, yaxşı təhsil alınmasına problem yaradır. Ekvador Latın Amerikasında əsas meyvə-tərəvəz ixrac edən ölkədir, ancaq gəlirlərin bərabərsizliyi demokratiyaya böyük bir təhdiddir. Bu da daim gərginliyi artırır. Bu gün informasiya kommunikasiya texnologiyaları, gender bərabərliyi bərabərsizliyə qarşı mübarizədə mühüm rol oynamaqdadır. Qadın və kişilərin gəlirləri arasında böyük uçurumlar olmamalıdır. Münaqişələr zamanı qadınlar ən həssas qrupdur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən topladığı təcrübədən problemlərin həlli üçün çıxış yolları təklif etməsini xahiş edərdim. Digər tərəfdən, qloballaşmanın faydasını bilməliyik. Biz hər bir insanın dəyərini anlamalı, sistemə verdiyi töhfəni düzgün qiymətləndirməliyik. Yerli və qlobal bilikləri birgə istifadə etməli, həmrəy yaşamalıyıq”.

Panelin moderatoru Frensis O’Donnell Macarıstanda çoxlu sayda qaraçıların yaşadığını və qaraçıların daha çox ayrı-seçkiliyə məruz qaldığını söyləyib.

UNESCO-nun 36-cı Ümumi Konfransının Prezidenti, BMT və UNESCO-nun Macarıstanda keçmiş səfiri, "Women4Diplomacy" platformasının rəhbəri Katalin Boqyay qaraçıların musiqisini dinlədiyini və onun təkrarolunmaz olduğunu qeyd edib: “Bərabərsizlikdən söz düşəndə biz bu barədə etirazla danışmalıyıq. İlk növbədə təhsildəki bərabərsizliyi aradan qaldırmalıyıq. Məktəbdə təhsil zamanı uşaqlarımıza insanlara mehriban yanaşmağı öyrətməliyik. İlk növbədə milli-etnik azlıqların mədəniyyətinə hörmətlə yanaşmalıyıq. Digər tərəfdən, dünyada 1 milyard insanın əlilliyi var və onlar ən böyük azlıqdır. Bu insanlara hörmətlə yanaşmalıyıq. Əlillik insanların arzularına nail olmaları yönündə əngəl olmamalıdır”.

Katalin Boqyay Macarıstanda qaraçılara Ukraynadakı qaraçılar kimi, eyni münasibət bəslədiklərini vurğulayıb: “Qaraçıların təhsilinə xüsusi diqqət yetirməliyik. Əgər biz insanlara qaraçıların musiqisini çatdırsaq, onlara hörmətlə yanaşılacaq”.

Dünya İncəsənət və Elmlər Akademiyasının prezidenti Garry Jacobs qloballaşmanın ABŞ-dan başladığını və bunun ABŞ-ın Müstəqillik Bəyannaməsində əksini tapdığını qeyd edib: “1948-ci ildə 50-dən çox ölkə İnsan Hüquqları Haqqında Bəyannaməni imzaladı. Bu, çox mühüm və bütün insanların həyatına toxunan əlamətdar bir məsələ idi”.

Garry Jacobs bərabərsizliklə mübarizədə vergilər vasitəsilə tənzimləmənin bir vasitə olduğunu vurğulayıb.

Rumıniyanın sabiq prezidenti (1996-2000-ci illər) Emil Konstantinesku postkommunist dövründə Rumıniyada kapitalizmin və bazar iqtisadiyyatının qurulmasının tərəfdarı olduğunu söyləyib: “Bu gün milyarderlərin kapitalı artır. Bəs maliyyə resurslarının düzgün paylanmasına necə nail ola bilərik? Biz ilk növbədə bu barədə düşünməliyik. Biz islahatlar zamanı mənəvi dəyərlərə önəm verməliyik”.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR