IX Qlobal Bakı Forumunda Yaxın Şərqdəki böhranlar müzakirə olunub - FOTO

IX  Qlobal Bakı Forumunda Yaxın Şərqdəki böhranlar müzakirə olunub - FOTO
# 17 iyun 2022 18:35 (UTC +04:00)

IX Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərq, ərəb və müsəlman dünyasında sülh, sabitlik və inkişaf axtarışında” mövzusunda panel keçirilib.

APA-nın xəbərinə görə, panelin moderatoru Ərəb Liqasının sabiq Baş katibi (2001-2011-ci illər), Misirin keçmiş xarici işlər naziri (1991-2001-ci illər) Əmir Musa olub.

Paneldə çıxış edən Ərəb Dövlətləri Liqasının b\Baş katibi Əhməd Əbul Ğeyt deyib ki, hazırda COVID pandemiyası, Ukrayna müharibəsi, təhlükəsizlik və enerji problemləri ciddi narahatlıq doğurur: “Bütün bunlar ərəb ölkələri üçün də problemlərə yol aça bilər. Ərəb ölkələri qarşısında çox ciddi çağırışlar, təhdidlər dayanır. Dinlər arasında dinc yanaşma təmin olunmayıb, siyasətçilər arasında qarşıdurma var. Bir neçə ərəb dövləti artıq sosial, iqtisadi uğursuzluqların fəsadını hiss etməkdədir. Biz bunun nəticələrini Suriyada, Liviyada, Yəməndə görməkdəyik. Ən böyük fəsadları Suriyada görürük, ölkə ərazilərinin bir hissəsi qlobal və regional güclərin nəzarətindədir. Yəməndə isə vətəndaş müharibəsi dərinləşir. Ötən 16 ildə Ərəb Dövlətləri Liqasının Baş katibiyəm, ərəb ölkələrində münaqişələrin həll edilməsinə çalışıram. Problemlərdən biri də bəzi güclərin şiəliyi yaymağa çalışmasıdır”.

Əhməd Əbul Ğeyt razılığa əsasən son iki ayda Yəməndə atəşkəsin mövcud olmasını təqdir edib: “Maksimalist tələblərin aradan qalxması və problemlərin həllini tapması lazımdır. Suriya və Liviya isə hazırda gələcəyi olmayan ölkələr kimi görünür. Ukraynadakı böhran inkişaf etməkdə olan ölkələri bir araya gəlməyə sövq edir”.

Qırğızıstanın sabiq Baş naziri (2014-2015-ci illər) Coomart Otorbayev isə Taliban hərəkatının Əfqanıstanda İslam dövləti qurmaq istədiyini bəyan etdiyini xatırladıb: “Bəs Taliban hərəkatı qızların təhsili barədə nə düşünür? Niyə 16 yaşlı qızlar təhsildən uzaqlaşdırılır? Taliban hərəkatının İslamla bağlı olduğunu söyləmək yanlışdır. BMT-nin qətnamələrinə əsaslansaq, Taliban terrorçu hərəkatdır”.

İsrailin sabiq müdafiə naziri və keçmiş Baş naziri Ehud Barak isə İranın əsas təhdid mənbəyi kimi qalmaqda olduğunu vurğulayıb: “Suriyada İranın təsiri var. İranın təsirində olan Hizbullah Livanda qeyri-sabitlik yaradır. İran nüvə silahına malik olsa, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etməyə can atar. Misirin iqtisadi imkanları yüksək deyil, onlar üçün nüvə silahı əlçatan deyil. Regionda üç ölkənin nüvə silahı əldə etməsi regionda sülh təşəbbüslərinin üzərindən xətt çəkər. Bir məqamı qeyd edim. Əfqanıstanda Böyük Britaniya, Rusiya və ABŞ məğlub olub. Bundan isə həm də Əfqanıstanın qonşuları əziyyət çəkib”.

Ehud Barak İsrail və fələstinlilər arasında dialoqu da vacib sayıb: “Biz demokratik İsrailin gələcəyi üçün milyonlarla fələstinli ilə dinc yaşamağa hazırıq”.

Ehud Barak xatırladıb ki, 1947-ci ildə BMT Baş Assambleyası Fələstinin bölünməsi – İsrail və Fələstinin yaranması barədə qərar verib: “Yəhudilər bunu qəbul etdi, ancaq fələstinlilər bunu qəbul etmədi, səhəri ərəb ölkələrini cəlb edərək müharibəyə başladı. Öz qələbəmizi inkar etməyəcəyik. Yaxın Şərq sərt bir regiondur. O zaman biz nüvə məsələsini gündəmə saldıq. İnanırıq ki, Yaxın Şərq sülh regionu olacaq. Biz razılığa gəlsək, Skandinaviyada olduğu kimi, yüz illərlə sülh olacaq”.

Türkiyənin sabiq xarici işlər naziri (2002-2003-cü illər) Yaşar Yakış qeyd edib ki, Yaxın Şərq enişli-yoxuşlu tarixi dövrlər yaşayıb: “Sünnilər və şiələr arasında tarixin müxtəlif dövrlərində qarşıdurma olub, Fələstin problemi davam edir. Problemlər bölgədə tarazlığı pozur. Şiə və sünnilər arasında hansısa razılıq əldə olunacaq, amma İran hansısa ünsürlərdən əl çəkməyəcək. Fələstin məsələsinə gəlincə, məsələn, ABŞ-da Donald Tramp administrasiyası Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Bu, problemin həllinə yönəlməyib. Ən ağlabatan iki dövlətli həll yoludur. Yaxın Şərqdə Suriya məsələsinə gəlincə, ölkə parçalanmaq təhlükəsi ilə üzləşib. Suriyada digər problem kürd problemidir. Çünki Yaxın Şərqdəki ölkələrdə – İran, Suriya, İraq və Türkiyədə çox böyük kürd icması yaşayır. Kürd məsələsi Yaxın Şərqin gələcək konturlarını cızacaq. İraq üçün kürd məsələsi müstəqilliyi və suverenliyi üçün təhdiddir. İrandan danışsaq, bu ölkə şəffaf deyil. Suriyada kürd məsələsi böhranın çıxış yolu kimi görülür. Birinci ssenari Suriyada kürdlərin mərkəzdənqaçması, ikinci ssenaridə Suriyada anklavların yaranması, üçüncü ssenari kürdlərin müstəqilliyidir. Ancaq kürdlərin müstəqilliyi daha az ehtimal olunandır. Yəmən isə tamamilə dağılıb. Bu ölkənin bərpası üçün beynəlxalq ictimaiyyətin böyük səylərinə ehtiyac olacaq”.

Misirin keçmiş xarici işlər naziri Əmir Musa hesab edir ki, İraqın ərazi bütövlüyünün qorunması Yaxın Şərqin gələcəyi üçün çox vacibdir: “İraqın ərazi bütövlüyü Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”.

Əmir Musa deyib ki, Yaxın Şərqdə heç bir ölkə nüvə silahına malik olmamalıdır: “Əgər İsrail nüvə silahından imtina etsə, İran da nüvə silahına can atmaz”.

Slovakiyanın sabiq xarici işlər naziri (2006-2009-cu illər) Yan Kubiş paneldə çıxışında ilk növbədə xalqların səsinin dinlənilməli olduğunu vurğulayıb: “Zəif, uğursuz dövlətlər düzgün idarəetmə üsulu tətbiq etsələr, müharibələr başa çatacaq. Məsələn, Liviyanın təsisatları xalqın marağına xidmət etməlidir ki, problem aradan qalxsın. Yaxın Şərqdən danışanda Liviyanı, Şimali Afrikanı unutmamalıyıq. Bu regionlar bir-biri ilə bağlıdır. Eyni zamanda, Əfqanıstan “qara dəlik” olmamalıdır”.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR